Rusiya mediasında Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbər seçilməsi barədə məlumatlar yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumata əsasən, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.
Bildirilib ki, o, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”.
V.Mustafayevin iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmasına dair məlumatlar da var.
“Məlum olduğu kimi, diaspor könüllü fəaliyyət növüdür. Ana Vətənlə yaşadığı ölkə arasında əlaqələrin inkişafına töhfə vermək, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərmək diasporun əsas funksiyalarına daxildir. Bu gün Azərbaycan diasporunun da hər bir sahədə uğurlu fəaliyyəti göz qabağındadır.
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin sədrlik etdiyi “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatı da hər zaman Rusiya qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərib.
Təəssüf ki, bəzi soydaşlarımızın fəaliyyəti diaspor və birlik anlayışlarına xələl gətirir.
Naməlum qrupun Vidadi Mustafayev adlı şəxsi qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçməsi”, bu cür informasiyaların tirajlanması Azərbaycan diasporunun birliyinə xələl gətirmək və icma üzvləri arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda həbs olunub. İlkin məlumata görə, Şahin Şıxlinski şəxsin öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.
Bundan başqa, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski də hazırda həbsdədir. O, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir. Hər iki şəxslə bağlı istintaq davam edir.