q
  • Bakı 18° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Vuçiç: Müasir şəhərlər həm inkişafın, həm də qlobal problemlərin mərkəzinə çevrilib

WUF13

18 May 2026 | 15:22

Vuçiç: Müasir şəhərlər həm inkişafın, həm də qlobal problemlərin mərkəzinə çevrilib

Müasir şəhərlər bu gün qlobal iqtisadiyyatın əsas lokomotivi olmaqla yanaşı, iqlim dəyişikliyi, mənzil böhranı və sosial problemlərin ən kəskin hiss olunduğu məkanlara çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Aleksandr Vuçiç Bakıda keçirilən WUF13 Dünya Şəhərsalma Forumu çərçivəsində çıxışı zamanı səsləndirib.

Serbiya lideri deyib ki, Azərbaycanın 13-cü Dünya Şəhərsalma Forumunu yüksək səviyyədə təşkil etməsi xüsusi təqdirə layiqdir və bu tədbir çərçivəsində ilk dəfə keçirilən sammit təşəbbüsü həm mühüm, həm də innovativ addımdır. Onun sözlərinə görə, Bakı tarix, dayanıqlılıq və innovasiyanın harmonik şəkildə birləşdiyi nümunəvi şəhərdir; burada ənənə ilə müasirliyin, inklüziv idarəetmə ilə dayanıqlı şəhərsalmanın imkanları real şəkildə görünür.

O bildirib ki, artıq dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və bu tendensiya artmaqda davam edir. Şəhərlər iqtisadi artımın, innovasiyanın, təhsilin, rəqəmsallaşmanın və süni intellekt texnologiyalarının əsas mərkəzinə çevrilib. Lakin bununla yanaşı, şəhərlər qlobal problemlərin də episentri rolunu oynayır: həddindən artıq sıxlıq, yüksək mənzil qiymətləri, atmosfer çirklənməsi, iqlim dəyişikliyi, nəqliyyatın qeyri-effektivliyi və tullantı idarəçiliyi kimi çağırışlar getdikcə daha ciddi xarakter alır. Vuçiç həmçinin cinayətkarlıq, korrupsiya və insan alveri kimi sosial təhlükələrin də daha çox iri şəhərlərdə cəmləşdiyini vurğulayıb.

Serbiya Prezidenti şəhərlərin inkişaf strategiyasında üç əsas istiqamətin – dayanıqlılıq, inklüzivlik və innovasiyanın – vacibliyini xüsusi qeyd edib. Onun sözlərinə görə, iqlim dəyişikliyi dövründə dekarbonizasiya, yaşıl enerji, ağıllı nəqliyyat sistemləri və təbiət əsaslı həllər şəhərsalmanın prioritet istiqamətlərinə çevrilməlidir. Dünyada təxminən 2,1 milyard insanın gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşadığını diqqətə çatdıran Vuçiç bunu XXI əsr üçün qəbuledilməz vəziyyət adlandırıb və təmiz su, sanitariya və təhlükəsiz yaşayış şəraiti kimi fundamental ehtiyaclara çıxışın təmin edilməsinin vacibliyini vurğulayıb.

O həmçinin süni intellekt və rəqəmsallaşmanın şəhərlərin gələcəyini formalaşdıran əsas qüvvəyə çevrildiyini bildirib. Vuçiçə görə, ağıllı şəhər modeli nəqliyyat, parklanma, resurs idarəçiliyi və tullantı problemlərini effektiv şəkildə həll etmək üçün böyük potensiala malikdir və texnologiya insanların rifahına xidmət edən güclü vasitəyə çevrilməlidir.

Sonda Serbiya Prezidenti qeyd edib ki, dayanıqlı və ağıllı şəhərlərin qurulması qlobal əməkdaşlıq tələb edir və ölkələr arasında təcrübə mübadiləsi olmadan bu istiqamətdə ciddi irəliləyiş mümkün deyil. WUF13 kimi platformalar şəhərlərin gələcəyi üçün ortaq həll yollarının formalaşması baxımından böyük əhəmiyyət kəsb edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR