• Bakı 18° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Vurulan şəhər, susmayan müharibə: HƏMAS müqavimət göstərir, Qəzzada böhran dərinləşir

SİYASƏT

23 May 2025 | 17:13

Vurulan şəhər, susmayan müharibə: HƏMAS müqavimət göstərir, Qəzzada böhran dərinləşir

İsrail Baş Naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza sektorunda HƏMAS radikal hərəkatının tam məhv edilməsi məqsədilə hərbi əməliyyatların həlledici mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, İsrail Müdafiə Ordusunun tutduğu hər bir metr HƏMAS-ın məğlubiyyətinə, girovların azad edilməsinə və bölgədə sabitliyin bərpasına bir addım daha yaxınlaşmaq deməkdir.

Bəs, əgər ABŞ və digər ölkələr bu əməliyyatı dayandıra bilməsələr, İsrail Qəzzaya tam nəzarəti ələ keçirə bilərmi?

Mövzunu Bakıvaxtı.az üçün şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, İsrailin əsas məqsədi Qəzza zolağına tam nəzarəti bərpa etmək və HƏMAS-ı bölgədən tamamilə çıxarmaqdır. Bu səbəbdən Təl-Əviv HƏMAS-la danışıqlara yanaşmır:

“İsrail bəzi hallarda taktiki atəşkəsə razılıq versə də, eyni zamanda Hizbullaha qarşı da ciddi zərbələr endirib. HƏMAS-ın atəşkəs təklifləri isə İsrail tərəfindən rədd olunur. Əslində, ABŞ da Qəzza zolağında HƏMAS-ın tam məğlub edilməsində maraqlıdır. Lakin nəzərə almaq lazımdır ki, HƏMAS hərbi təzyiqlər qarşısında asanlıqla geri çəkilən təşkilat deyil. Nəticədə Qəzza zolağı dağıntılara məruz qalır, mülki əhali həyatını itirir və bölgədə humanitar böhran dərinləşir”.

Məhəmməd Əsədullazadə: İsrailin hazırkı rəhbərliyi münaqişəni daha da şiddətləndirmək niyyətindədir

Politoloqun fikrincə, HƏMAS-ın müqaviməti Qəzzadakı fələstinlilərin soyqırımı ilə nəticələnir. Bununla yanaşı, İsrail administrasiyası da müharibəni daha sərt və amansız şəkildə davam etdirməyə maraqlıdır:

“İsrailin hazırkı rəhbərliyi münaqişəni daha da şiddətləndirmək niyyətindədir. Fikrimcə, proses İsrailin istədiyi istiqamətdə inkişaf edir. HƏMAS artıq hərbi varlığı ilə son günlərini yaşayır. Bu da o deməkdir ki, İsrail gec və ya tez HƏMAS-ı tam şəkildə məhv edə bilər”.

Xatırladaq ki, HƏMAS–İsrail müharibəsi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın rəhbərlik etdiyi fələstinli silahlı qrupların Qəzza zolağından İsrailə qarşı genişmiqyaslı hücumları ilə başlayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR