Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə sabahdan etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.
Bakıvaxtı.az xəbər verir ki, tədbirin keçirildiyi məkan - Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Mərkəz mayın 14–16-da saat 09:00–18:00, mayın 17–21-də saat 07:00–18:00, mayın 22-də isə saat 07:00–15:00 aralığında fəaliyyət göstərəcək.
WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar mayın 14–22-sində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib, akkreditasiya kartlarını əldə edə biləcəklər.
Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.
Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.
Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) - https://events.unhabitat.org - vasitəsilə həyata keçirilir və onlayn qeydiyyat üçün son mayın 15-i saat 18:00-dır.
Bakı 




