WUF13 çərçivəsində təşkil olunan Ekspo sərgisində müxtəlif ölkələr, şəhər administrasiyaları, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri öz innovativ həllərini nümayiş etdirirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev səsləndirib.
O bildirib ki, sərgi şəhərsalma, təhlükəsizlik, innovasiya və dayanıqlı inkişaf sahələrində geniş platforma rolunu oynayır:
“Ekspo ərazisi təxminən 35 min kvadratmetrdir və bunun yarısı sərgi sahəsi kimi istifadə olunur. Burada 336 iştirakçı təşkilat 85 ölkəni təmsil edir. Ümumilikdə 163 stend və pavilyon qurulub”.
Çıxış zamanı qeyd olunub ki, iştirakçılar arasında akademik qurumlar, vətəndaş cəmiyyəti institutları, startaplar və dövlət strukturları da yer alır:
“Partnyor seqmentində 15 akademik qurum, 136 vətəndaş cəmiyyəti təşkilatı, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir. Bundan başqa, 41 dövlət pavilyonu, 10 ictimai sektor təmsilçisi və 6 regional hökumət sərgidə təmsil olunur”.
Bildirilib ki, Azərbaycan da sərgidə geniş pavilyonla iştirak edir:
“Azərbaycan pavilyonu 1000 kvadratmetr ərazini əhatə edir. Burada xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nümayiş etdirilir”.
Sonda vurğulanıb ki, tədbirin əsas məqsədlərindən biri şəhərsalma sahəsində praktik yanaşmaların paylaşılması və uzunmüddətli əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Zeynəb Rzayeva
Bakı 




