“WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Bakı şəhərsalma həftəsi” çərçivəsində “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi tərəfindən qlobal şəhərsalma fəlsəfəsinə yeni baxış bucağı gətirən “Mikro sənətdən memarlığa” adlı tematik sərgi açılıb.
Bakıvaxtı.az xəbər verir ki, sərgi, tarixi irsi statik arxiv materialından çıxarıb, müasir şəhərlərin gələcək simasını müəyyən edən dinamik layihə resursuna çevirmək konsepsiyası ilə iştirakçıların böyük marağına səbəb olub.
Tədbir zamanı araşdırmaçı-tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı ziyarətçilərə yeni şəhərsalma və memarlıq epoxasında xalqların zəngin mədəni irs xəzinəsindəki xarakterik elementlərinin yaşadılmasının həyati vacibliyindən danışıb. Sənətkar vurğulayıb ki, XXI əsr Azərbaycan mücrülərində və el sənəti nümunələrində tətbiq edilən riyazi nisbətlər, ornament simmetriyası və konstruktiv həllər, sadəcə dekorativ obyektlər deyil, gələcəkdə inşa ediləcək irimiqyaslı binaların və şəhər simvollarının konseptual təməli, vizual yol xəritəsidir. Bu yanaşma memarlara tarixi yaddaşın ən kiçik fraqmentini böyük bir şəhərsalma kompleksinin vizual nüvəsinə çevirməyi təklif edir.
İctimai Birliyin Sənətdə yeni texnologiyalar və innovasiyalar departamentinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, qrafik dizayner Toğrul Sərdarlı isə sərgi iştirakçılarına ən müasir texnologiyalarla istənilən mədəni irs elementlərini memarlığa transformasiya etmək üçün yaratdıqları xüsusi elmi metodologiyanın mahiyyətindən bəhs edib. T.Sərdarlı rəqəmsal bərpa və yüksəkdəqiqlikli 3D mühəndislik vasitəsilə tarixi və dağıdılmış abidələrin "memarlıq genetikası"nın müasir şəhər mühitinə necə uğurla adaptasiya edildiyini və gələcək nəsillərə qüsursuz şəkildə ötürülməsi yollarını əyani şəkildə nümayiş etdirib.
Sərgidə formatına görə dünyada yeganə olan “Sərdar Sandıq Mücrü Ocağı”nın təqdim etdiyi institusional model yüksək qiymətləndirilib. Bildirilib ki, itirilmiş qədim incilərin adını və fəlsəfəsini yaşadan bu ocaq, UNESCO-nun mədəni yaddaşın mühafizəsi çağırışlarına və müasir ekoloji, dayanıqlı şəhərsalma tələblərinə verilən ən praktiki cavabdır.
Bakı 





