• Bakı 29° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Xankəndidən dünyaya informasiya mesajı - Azərbaycan söz sahibi kimi

SİYASƏT

21 Iyul 2025 | 10:53

Xankəndidən dünyaya informasiya mesajı - Azərbaycan söz sahibi kimi

İşğaldan azad edilmiş Xankəndidə beynəlxalq media tarixində ilk dəfə keçirilən Qlobal Media Forumu, Azərbaycanın informasiya suverenliyini, postmünaqişə reallıqlarını və yeni dövrün çağırışlarına cavab vermək əzmini dünyaya nümayiş etdirdi. Bu tədbir sadəcə jurnalistlərin toplantısı deyil, həm də Qarabağın mərkəzindən yüksələn qlobal bir mesaj idi: Azərbaycan artıq təkcə ərazisinə deyil, informasiya məkanına da tam nəzarət edir.

Süni intellekt dövründə informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və medianın dayanıqlığı kimi məsələlərin müzakirə olunduğu Forum, həmçinin ölkənin iqtisadi, siyasi və geosiyasi gücünün təqdimatı baxımından əhəmiyyətli bir platformaya çevrildi. Bu fonda Prezident İlham Əliyevin çıxışları və beynəlxalq medianın suallarına verdiyi cavablar, Azərbaycanın mövqeyini daha da gücləndirdi.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Xankəndidə keçirilən bu beynəlxalq forum Azərbaycanın informasiya suverenliyinin, postmünaqişə dövründəki quruculuq işlərinin və sülh təşəbbüslərinin bütün dünyaya çatdırılması baxımından rəmzi və strateji xarakter daşıyır.

O qeyd edib ki, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi tədbirlər təkcə daxili siyasi və sosial sabitliyi təmin etmir, eyni zamanda regionun və dünyanın diqqətini cəlb edən qlobal təşəbbüslərə çevrilir. Vüqar Rəhimzadə Forumun Xankəndidə keçirilməsinin xüsusi məna daşıdığını vurğulayıb:

“Forumun Xankəndidə təşkil olunması təsadüfi deyil. Bu, dövlətimizin öz suveren əraziləri üzərində tam nəzarəti bərpa etməsi və bu reallığın dünyaya açıq mesajla çatdırılması deməkdir. Forum Azərbaycanın informasiya müharibəsindəki üstün mövqeyini, media transformasiyasında dayanıqlılıq siyasətini nümayiş etdirir”.

Milli Məclisin üzvü Forumda Prezident İlham Əliyevin çıxışını və suallara verdiyi cavabları strateji əhəmiyyətli mesajların toplumu kimi dəyərləndirib:

“Cənab Prezidentin cavabları, çıxışları həm ölkə içində, həm də xaricdə gedən proseslərə dair ətraflı, dolğun və strateji yanaşmalardır. Bu Forum yalnız media mühitinin müzakirə olunduğu tədbir deyil, həm də Azərbaycanın sülh, sabitlik və əməkdaşlıq çağırışlarını dünyaya çatdıran güclü tribuna rolunu oynayır”.

Vüqar Rəhimzadə, Milli Məclisin deputatı

Vüqar Rəhimzadə forum çərçivəsində dövlət başçısının COP29, rəqəmsallaşma, beynəlxalq media əməkdaşlığı və regional sabitlik məsələlərinə toxunmasının Azərbaycanın artan qlobal çəkisini ortaya qoyduğunu bildirib:

“Dövlət başçısı COP29-un Azərbaycanın ev sahibliyi ilə keçirilməsinin əhəmiyyətindən bəhs edərək ölkəmizin Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu vurğuladı. Eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması perspektivləri, regionun geosiyasi əhəmiyyəti və Azərbaycanın dayanıqlı iqtisadi modelinin üstünlükləri tədbir iştirakçılarının diqqətinə çatdırıldı”.

Müsahibimiz  Azərbaycanın beynəlxalq media qarşısında nümayiş etdirdiyi özünəinamı və milli medianın inkişaf dinamikasını xüsusi qeyd edib:

“Cənab Prezidentin “Azərbaycan mediasının inkişafı məni çox sevindirir” fikri təsadüfi deyil. Bugünkü Azərbaycan mediası təkcə reallıqları işıqlandırmır, həm də dövlət maraqlarını müdafiə edən, beynəlxalq səviyyədə arqumentlərlə danışan peşəkar bir platformaya çevrilib”.

Deputat bildirib ki, Prezidentin “Bizim mediamız lazım gəldikdə hücuma da keçir və bu da lazımdır” fikri milli informasiya təhlükəsizliyinin prioritet sahəyə çevrildiyinin sübutudur:

“Azərbaycan hələ də özünü müdafiə etmək məcburiyyətində olan ölkədir. Bu baxımdan media qurumlarımızın imkanlarının genişlənməsi, beynəlxalq miqyasda fəallığı daha da artırılmalıdır. III Şuşa Qlobal Media Forumu göstərdi ki, Azərbaycan nəinki regional, həm də beynəlxalq informasiya gündəmini formalaşdırmaq gücünə malikdir”.

Rəhimzadə onu da qeyd edib ki, Prezident İlham Əliyevin Ukrayna ilə bağlı səsləndirdiyi “Heç vaxt işğalla barışmamaq” tövsiyəsi də Azərbaycanın öz təcrübəsini və prinsiplərini beynəlxalq müstəvidə paylaşdığının göstəricisidir.

“Azərbaycanın mövqeyi dəyişməzdir – torpaqlarımızın bir qarışı belə danışıqlar mövzusu deyil. Bu prinsipial mövqe dövlətimizin suverenlik və ədalət uğrunda apardığı mübarizənin təməlidir. Prezidentin bu çağırışı bir daha göstərdi ki, ədalət uğrunda fasiləsiz və səbrlə aparılan mübarizə nəticə verir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR