Məlum olduğu kimi avqustun 15-dən etibarən Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verilib.
Bununla da “28 May” stansiyasında tətbiq olunacaq məhdudiyyətlər səbəbindən sərnişinlərin bir hissəsi alternativ nəqliyyat vasitələrinə üz tutub. Bu isə xüsusilə pik saatlarda avtobus marşrutlarının yükünü və şəhərin əsas yol şəbəkəsində hərəkətin intensivliyini artırıb. Sərnişinlər yağışlı havalarda tıxacın, yol nəqliyyatının daha iflic vəziyyətə düşə biləcəyini də istisna etmirlər.
Nəqliyyat üzrə ekspert Ərşad HüseynovBakıvaxtı.az-a bildirib ki, ekspres marşrutlar nə qədər intensiv işləsələr belə metronun işini görə bilməzlər.

Ekspert qeyd edib ki, vəziyyəti yaxşılaşdırmaq üçün çalışmaq lazımdır ki, ekspress marşrutlar maksimum dəqiq qrafiklə işləsinlər:
“İmkan daxilində yollarda ilişib qalmamalı və sərnişinlərin təlabatlarına uyğun işlərini qurmalıdırlar. Təbii ki, vətəndaşlar da bu situasiyanı nəzərə almalı, çalışmalıdır ki, pik saatlarda tıxac olan ərazilərdə olmasınlar. Əgər daha mümkün alternativlər varsa, onların tətbiq olunması mövcud vəziyyəti yaxşılaşdıra bilər. Ən çətin məsələ odur ki, ictimai nəqliyyatın, metronun, avtobusların yaratdığı problemlər səbəbindən insanlar fərdi avtomobillərindən istifadəyə üstünlük verərsə, küçələrdə daha ciddi tıxaclar yaranacaq. Bunu nəzərə almaq lazımdır”.
Aydın Baxış




