• Bakı C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Yanlış dietalar qanazlığı yaradır - Terapevt

CƏMİYYƏT

14 Yanvar 2026 | 15:26

Yanlış dietalar qanazlığı yaradır - Terapevt

"Qanazlığın yaranmasında düzgün qidalanmama və yanlış dietaların da mühüm rol oynadığı xüsusi vurğulanıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, bəzi insanlar Yaponiya, Çin və ya digər inkişaf etmiş ölkələrdə tətbiq olunan dietaları araşdırmadan və fərdi sağlamlıq durumunu nəzərə almadan öz üzərlərində sınaqdan keçirirlər. Uzunmüddətli aclıq, saatlarla qida və ya su qəbul etməmək, sərt və məhdudlaşdırıcı qidalanma rejimləri isə dəmir çatışmazlığına və digər bioloji balans pozuntularına səbəb ola bilər.

Terapevt bildirib ki, bu hallar xüsusilə veqan və vejetaryen qidalanma tərzinə üstünlük verən, heyvani məhsullardan tamamilə imtina edən şəxslərdə daha çox müşahidə edilir. Yalnız bitki mənşəli qidalarla qidalanmaq hər zaman orqanizmin ehtiyac duyduğu dəmir və digər vacib maddələri tam şəkildə qarşılamaya bilər:

"Səhər yeməyinin vaxtında yeyilməsi əsas şərtlərdən biridir. Nahar və axşam yeməkləri də müntəzəm və vaxtında qəbul edilməlidir. Bu qidalanma rejimi uzun illərdir insanların həyat tərzinin bir hissəsi olub və orqanizmin normal fəaliyyəti üçün vacibdir.

Düzgün qidalanmaya baxmayaraq qanazlığı ilə bağlı şikayətlər qalırsa, bəzi bitki mənşəli məhsullardan profilaktik məqsədlə istifadə oluna bilər. Məsələn, çuğundur suyu kimi məhsullar faydalı hesab edilsə də, bunların yalnız köməkçi və profilaktik xarakter daşıdığı vurğulanıb. Bildirilib ki, bu vasitələr əsas müalicə üsulu deyil və qanazlığını tam şəkildə aradan qaldıra bilməz".

Həkimin sözlərinə görə, həkim tövsiyəsi olmadan hər hansı qida və ya bitki vasitəsinin müalicə məqsədilə istifadə edilməsi düzgün yanaşma deyil. Əsas məqsəd balanslı qidalanmaqdır. Ürək-damar sistemi ilə bağlı ciddi problemi və genetik riskləri olmayan şəxslərə qırmızı ət istehlakının vacibliyi də diqqətə çatdırılıb.

Vurğulanıb ki, sağlam qidalanma və düzgün həyat tərzi qanazlığın qarşısının alınmasında əsas amillərdən biridir, lakin problem mövcuddursa, mütləq tibbi müayinədən keçmək və səbəbi müəyyənləşdirmək lazımdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR