• Bakı 28° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

YAP-ı Naxçıvanda bu deputatlar təmsil edəcək - SİYAHI+DOSYE

SİYASƏT

17 Iyul 2024 | 16:20

YAP-ı Naxçıvanda bu deputatlar təmsil edəcək - SİYAHI+DOSYE

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İclasda Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədləri müəyyənləşdirilib. Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.

YAP-ın yeni namizəd siyahısında Naxçıvandan olan namizədlərin də adları açıqlanıb.

Bakıvaxtı.az adları açıqlanan namizədlərin siyahısını sizə təqdim edir:

 

1 saylı Şərur – Sədərək seçki dairəsindən Əsgərov Ziyafət Abbas oğlunun namizədliyi irəli sürülüb.

Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur. O, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ziyafət Əsgərov

 

2 saylı Şərur-Kəngərli seçki dairəsindən isə Novruzov Siyavuş Dünyamalı oğlunun namizədliyi qeydə alınıb.

Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuşdur.

O, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı olub.

Siyavuş Novruzov

3 saylı Babək - Şahbuz - Kəngərli seçki dairəsindən isə YAP-ı təmsil edən namizəd Babayev Asiman Əli oğlu olacaq.

Onun namizədliyi ilk dəfədir ki, irəli sürülür.

4 saylı Naxçıvan şəhər dairəsindən parlamentdə hakim partiyanı təmsil etməyə iddia edən şəxs İbrahimov Eldar Rza oğludur.

Eldar İbrahimov 12 mart 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub.

O, daha öncə də Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib. E.İbrahimov Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, VI çağırış Milli Məclisin İntizam komissiyasının sədri olub, həmçinin Milli Məclisin Ağsaqqallar Şurasının sədr müavinidir. 

Eldar İbrahimov

5 saylı Babək - Naxçıvan - Culfa seçki dairəsindən və Naxçıvanda deputatlığa iddialı olan tək qadın namizəd Həmzəyeva Ülviyyə Tapdıq qızıdır.

Ülviyyə Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində anadan olub. 

O, Milli Məclisin V və VI çağırış, Naxçıvan Ali Məclisinin isə V çağırış deputatı olaraq YAP-ı təmsil edib.

Ülviyyə Həmzəyeva

Son olaraq, 6 saylı Ordubad - Culfa seçki dairəsindən Rəhimzadə Vüqar Gəncəli oğlunun namizədliyi siyahıda yer alıb.

Rəhimzadə Vüqar Gəncəli oğlu 1967-ci il may ayının 24-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonu Saltaq kəndində anadan olub. 

Vüqar Rəhimzadə Azərbaycan  Jurnalistlər Birliyinin üzvüdür, "İki Sahil" qəzetinin Baş redaktorudur. 

Vüqar Rəhimzadə də daha öncə parlamentdə millət vəkili olub. O, 2000-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində 5 saylı Culfa-Ordubad seçki dairəsindən Azərbacan Respublikası Milli Məclisinin deputatı seçilib.

Vüqar Rəhimzadə

Qeyd edək ki, parlament seçkiləri 2024-cü il sentyabrın 1-də baş tutacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR