Bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana rəsmi səfər edəcək.
Səfər, iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi və müdafiə sahəsində də inkişaf edən sıx əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı ilə Ankara arasında son illərdə intensivləşən yüksək səviyyəli təmaslar, regional sabitliyin təminatı və strateji müttəfiqlik baxımından mühüm göstəricilərdən biridir. Bu səfər son illərdə intensivləşən qarşılıqlı səfərlərin davamı olmaqla yanaşı, həm də bölgədəki yeni geosiyasi reallıqlar fonunda hərbi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Yaşar Gülərin ölkəmizə gəlişi hansı yeniliklərin xəbərçisidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq təkcə iki ölkənin maraqlarını deyil, həm də regionun təhlükəsizlik arxitekturasını yenidən formalaşdırır:
"Bu kontekstdə 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi, qarşılıqlı hərbi yardım, birgə təlimlər və müdafiə sənayesi sahəsində əməkdaşlıq kimi bir sıra strateji istiqamətləri əhatə etməklə münasibətlərə yeni dinamika qazandırıb. Bəyannamə faktiki olaraq iki ölkə arasında hərbi ittifaqın hüquqi əsaslarını qoyub. Yaşar Gülərin bu səfəri zamanı müzakirə ediləcək məsələlər arasında birgə hərbi təlimlərin planlaşdırılması, yeni silah və texnoloji avadanlıqların tətbiqi, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutacaq. Qeyd edək ki, Azərbaycan bu gün 40-dan çox ölkə ilə hərbi əməkdaşlıq həyata keçirir, lakin Türkiyə ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu əlaqələrin miqyası heç bir başqa ölkə ilə müqayisə edilə bilməz".
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin müasir döyüş təcrübəsi və hərbi sənaye sahəsindəki irəliləyişi Azərbaycan Ordusu üçün ciddi təcrübə mübadiləsi imkanı yaradır. Müsahibimizin sözlərinə görə, son illərdə keçirilən “TurAz Qartalı”, “Sarsılmaz Qardaşlıq” və digər birgə təlimlər orduların qarşılıqlı koordinasiyasını daha da gücləndirib. Bu təlimlər yalnız texniki-taktiki əməkdaşlığı deyil, həm də bölgədəki mümkün təhlükələrə qarşı birgə müdafiə strategiyasının formalaşmasını təmin edir.
Ədalət Verdiyev: Bu səfəri təkcə diplomatik gündəliyin bir hissəsi adlandırmaq olmaz
Ədalət Verdiyev əlavə edib ki, Yaşar Gülərin səfəri eyni zamanda regional mesaj daşıyır. Ermənistanla sülh danışıqlarının davam etdiyi, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığı bir vaxtda, Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişafı təkcə ikitərəfli deyil, həm də geostrateji müstəvidə regionun təhlükəsizlik strukturuna təsir edən amillərdəndir:
"Bir sözlə, bu səfər təkcə diplomatik gündəliyin bir hissəsi deyil, Azərbaycan-Türkiyə strateji hərbi əməkdaşlığının növbəti mərhələsinə keçidin əsas göstəricisidir",- deyə Ədalət Verdiyev fikrini yekunlaşdırıb.
Əli Hüseynov