Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Prezident bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiqləyib.
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ölkəmizin iqtisadiyyatına və turizm sektoruna necə təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan tərəfindən vizaların ləğv edilməsi yaxşı haldır. Çünki ölkəmiz qeyri-neft sektorunda turizmin inkişafını prioritet hesab edir:
"Azərbaycan turizm ölkəsi olmaq istəyir, ancaq müəyyən suallar mövcuddur. Məsələn, ölkəyə giriş məhdudlaşdırılıb, bir çox ölkələrlə viza məsələsi qüvvədədir. Hava sərhədi açıq olsa da, ölkəyə giriş mürəkkəbdir. Halbuki turizm azadlığı, giriş və çıxışın sərbəstliyini sevir. Hətta turizm ölkədə əyləncənin azadlığını sevsə də, ölkəmizdə əyləncələr məhduddur. Ümumilikdə bir çox ölkələrlə vizaların ləğv edilməsi yaxşı olardı".
Çinlə vizanın ləğv olunmasına gəlincə, iqtisadçı Çinə giriş və çıxışın sərbəst olmasının bizim üçün vacib olduğunu bildirib. Onun sözlərinə görə, azərbaycanlılar Çinə getməkdə, oranın biznes mühitini, uğurlarını öyrənməkdə maraqlıdırlar. Həmçinin Çin turistlərin Azərbaycana gəlməsi turizmin inkişafına ciddi təsir edə bilər.
Xaliq Kərimli, iqtisadçı
"Çin böyük turizm bazarıdır və sürətlə zənginləşir. ABŞ-nin sıxışdırmasına baxmayaraq, Çinin zənginləşməsi yenə də davam edəcək. Bu baxımdan iki ölkə arasında vizanın ləğvi çox müsbət haldır”, - deyə X.Kərimli bildirib.
Müsahibimiz qeyd edib ki, Çindən ölkəmizə gələn turistlərin sayı 1.5 faiz təşkil edir. Azərbaycan vizanın ləğvindən əlavə, ölkəmizin təbliğatını aparmalıdır. Həmçinin Azərbaycan elə etməlidir ki, ölkəmizə gəlmək istəyən turistlər hər hansısa mane ilə üzləşməsinlər.
Gülşən Şərif