Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişə regional sabitlik, beynəlxalq hüququn tətbiqi və dövlətlərin suveren hüquqları baxımından ciddi hüquqi-siyasi çağırışlar doğurur.
2020-ci il müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq hər iki dövlət qarşısında hüquqi baxımdan konkret öhdəliklər qoymaqla yanaşı, sülh sazişinin imzalanması və sərhədlərin müəyyən olunması zərurətini aktuallaşdırıb. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 iyul 2025-ci il tarixində Əbu-Dabidə keçirilən görüş, münaqişənin hüquqi həllinə yönəlmiş danışıqlar prosesinin mühüm mərhələsi kimi qiymətləndirilməlidir. Görüş həm diplomatik təcrübə, həm də beynəlxalq hüququn tətbiqi baxımından diqqətəlayiq presedentdir.
Bu görüş münaqişənin hüquqi əsaslarla tam və dayanıqlı həllinə yönəlik real irəliləyiş hesab oluna bilərmi, yoxsa tərəflər hələ də beynəlxalq hüququn baza prinsipləri üzərində razılığa gəlməkdə çətinlik çəkirlər?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Ayxan Məmmədli bildirib ki, bu görüş beynəlxalq hüququn mübahisələrin sülh yolu ilə həllini nəzərdə tutan əsas prinsiplərinin tətbiqi baxımından diqqətəlayiqdir:
“Əbu-Dabidə keçirilən bu təmas BMT Nizamnaməsinin 33-cü maddəsinə uyğun olaraq tərəflərin birbaşa danışıqlar yolu ilə razılıq əldə etməyə çalışdıqlarını göstərir. Bu, regionda hüquqi sabitliyin təmin olunması üçün zəruri şərtdir".
Hüquqşünasın fikrincə, danışıqlarda əsas müzakirə mövzularından biri sərhədlərin dəqiq müəyyənləşdirilməsi, yəni delimitasiya və demarkasiya məsələsidir:
“Delimitasiya prosesi ərazi bütövlüyü prinsipinə əsaslanır və bu baxımdan Azərbaycan beynəlxalq hüquqa tam uyğun şəkildə sərhədlərin sovet xəritələri əsasında tanınmasını tələb edir. Ermənistanın buna müqaviməti hüquqi deyil, siyasi manevrdir".
Ayxan Məmmədli, hüquqşünas
Ayxan Məmmədli əlavə edir ki, görüşün BƏƏ-də keçirilməsi də təsadüfi deyil, bu, üçüncü neytral tərəfin vasitəçilik rolunun hüquqi legitimliyini möhkəmləndirir:
“Əbu-Dabi formatı tərəflər arasında güvən yaratmaq və hüquqi öhdəliklərin tərəfsiz mühitdə razılaşdırılması baxımından əlverişlidir. Bu həm də regional aktorların neytral diplomatik platformalar təklif etməsi tendensiyasına uyğundur".
Sülh sazişinin mümkün imzalanması perspektivlərinə toxunan hüquqşünas qeyd edir ki, bu sənəd beynəlxalq müqavilə hüququnun predmeti olacaq və gələcəkdə onun şərtlərinə əməl olunması beynəlxalq məsuliyyət doğuracaq:
“Əgər sülh sazişi imzalanarsa, bu, Vyana Konvensiyası üzrə hüquqi qüvvəyə malik olacaq və tərəflər bir-birinin suverenliyini rəsmən tanımış olacaqlar. Bu da gələcəkdə hüquqi mübahisələrin məhkəmə və arbitraj səviyyəsində həlli imkanlarını genişləndirəcək".
Əli Hüseynov