Şərqi Aralıq dənizində enerji ehtiyatları ətrafında gedən proseslər bölgədə güc balansını yenidən formalaşdırır. Xüsusilə Türkiyə-Livan-Kipr xəttində aktivləşən danışıqlar həm diplomatik risklər, həm də yeni regional imkanlar barədə müzakirələri gücləndirib.
Türkiyə-Livan-Kipr xəttində dəniz səlahiyyətləri və enerji marşrutları üzrə yenidən formalaşan geosiyasi mühit region üçün hansı diplomatik risk və imkanları yaradır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, bu, olduqca mürəkkəb bir məsələdir və faktiki olaraq bir çox münaqişənin dondurulmasının əsas səbəblərindən biridir. Şərqi Aralıq dənizində çox böyük qaz ehtiyatları mövcuddur və bu ehtiyatlar müxtəlif geosiyasi üçbucaqların yaranmasına gətirib çıxarıb:
"Son zamanlar xüsusilə Kipr-Livan-Türkiyə xətti ön plana çıxır. Bununla paralel olaraq Livan və İsrail arasında müəyyən anlaşmalar imzalanmışdı və Aralıq dənizindəki qaz yataqları əsasən İsrail şirkətləri tərəfindən istismar olunurdu".
Politoloq bildirib ki, İsraildə daxili siyasi vəziyyət kəskindir. İran tərəfindən dəstəklənən “Hizbullah”ın ölkə daxilində güclü mövqeyi və hökumətin Qərbə yaxınlaşması fonunda fərqli siyasət yürütməsi müəyyən çətinliklər yaradır. Nəticədə, Beyrut və İsrail arasında qaz üzrə əldə olunmuş razılaşmalar “Hizbullah”ın mövqeyinin güclənməsi səbəbindən faktiki olaraq pozulub:
"Digər tərəfdən Türkiyə bölgədə mövqelərini gücləndirməyə çalışır və Şimali Kipr də bu prosesə qoşulmaq niyyətindədir. İndiyədək Şimali Kiprin tanınmaması səbəbindən Kipr ətrafındakı qaz yataqları işlənmirdi. Türkiyənin aktiv iştirakı isə həm Şimali Kiprin beynəlxalq aləmdə mövqeyini gücləndirə, həm də ölkənin Livan qazını alaraq Avropa bazarlarına çıxarmasına şərait yarada bilər".

Zeynal Əmrəliyev: Türkiyə bölgədə mövqelərini gücləndirməyə çalışır və Şimali Kipr də bu prosesə qoşulmaq niyyətindədir
Müsahibimizin sözlərinə görə, bununla belə, bölgədə hərbi qarşıdurma ehtimalı da mövcuddur. Yunanıstan, Türkiyə və İsrail arasında qaz yataqları üzərində gərginlik arta bilər. ABŞ hazırda əsasən İsrail-Livan-Yunanıstan xəttini dəstəkləyir. Lakin prosesə Türkiyənin daha fəal şəkildə daxil olması və Rusiyanın Suriyanın Tartus bölgəsi üzərindən iştirak cəhdləri mövcud balansı dəyişə və yeni problemlər yarada bilər:
"Nəticə etibarilə, ənənəvi İsrail-Livan-Yunanıstan xətti öz əhəmiyyətini qismən itirir, Türkiyənin önə çəkdiyi Türkiyə-Livan-Kipr marşrutu isə yeni enerji xətti kimi formalaşa bilər. Bu marşrutla Livan qazının və Kipr ətrafındakı ehtiyatların istismarı, həmçinin bu qazın Avropaya nəqli mümkün ola bilər. Bu isə Avropanın enerji təhlükəsizliyi baxımından da ciddi strateji əhəmiyyət kəsb edir".
Zeynəb Rzayeva
Bakı 



