İranda baş verən son hadisələr təkcə siyasi gərginlik və küçə etirazları ilə məhdudlaşmır. Ölkənin iqtisadi strukturu illərdir davam edən sanksiyalar, valyuta daralması, enerji çatışmazlığı və istehsalın zəifləməsi fonunda sistemli təzyiq altındadır.
Son həftələrdə rialın sürətlə dəyər itirməsi, bazarların qeyri-şəffaf hala düşməsi və hökumətin valyuta nəzarətini sərtləşdirməsi iqtisadi böhranın yeni mərhələyə keçdiyini göstərir. İnflyasiya artıq məişət səviyyəsində insanların gündəlik həyatının mərkəzinə çevrilib və əhalinin narazılığı daha geniş sosial nəticələr doğurmaqdadır.
Belə bir şəraitdə İran iqtisadiyyatının real durumunu və yaxın perspektivdə gözlənilən riskləri ekspert Alim Nəsirov Bakıvaxtı.az-a dəyərləndirir.
Onun sözlərinə görə, ilk növbədə rialın sürətlə dəyər itirməsi iqtisadi sistemdə zəncirvari reaksiyaya səbəb olur və qiymətlərin nəzarətdən çıxmasına gətirir. Valyuta şokunun yaratdığı psixoloji panika həm istehlakçı davranışını, həm də bizneslərin qiymət strategiyasını pozur:
“Sanksiyalar fonunda idxal imkanlarının məhdudlaşması təklif tərəfini zəiflədir və inflyasiyanı daha da kəskinləşdirir. Enerji və su çatışmazlığı sənaye sektorunda istehsal həcmlərini azaldır, bu isə bazarda əlavə bahalaşma təzyiqi yaradır. Dövlət subsidiyalarının qeyri-effektivliyi və korrupsiya kanalları fiskal yükü artırır və iqtisadi çevikliyi məhdudlaşdırır. Bütün bu faktorlar bir yerdə iqtisadi sistemin davamlılığını ciddi şəkildə sarsıdır”.
Valyuta nəzarəti və internet məhdudiyyətlərinin iqtisadi dövriyyəyə təsirinə gəlincə, müsahibimiz bildirib ki, valyuta bazarına kəskin müdaxilə qara bazarın genişlənməsinə və rəsmi məzənnənin etibarlılığının itirilməsinə səbəb olur. Dediyinə görə, internetin və telefon rabitəsinin məhdudlaşdırılması isə ticarət dövriyyəsini yavaşladır və maliyyə tranzaksiyalarında ciddi ləngimələr yaradır:
“Xidmət sektorunda, xüsusilə də logistika və onlayn ödənişlərdə yaranan blokada iqtisadi əhval-ruhiyyəni daha da pisləşdirir. İnformasiyanın qapadılması qiymətlərin real vəziyyətini gizlədir və bazar davranışını qeyri-sabit edir. Bu qərarlar qısamüddətli olaraq etiraz koordinasiyasını zəiflətmək məqsədi daşısa da, uzunmüddətli nəticədə iqtisadi fəaliyyətə daha böyük zərər vurur. Beləliklə, məhdudiyyətlər böhranın sosial aspektini azaltmaq əvəzinə, iqtisadi narazılığı artırır”.

Alim Nəsirov: İranda xaosun dərinləşməsi regional nəqliyyat marşrutlarında əlavə risklər yaradır
“Etirazlarla paralel olaraq subsidiyaların və sosial ödənişlərin artırılması böhranı yumşalda bilərmi” sualına cavabında A.Nəsirov bildirib ki, sosial paketlər qısamüddətli dövrdə əhali üçün amortizator rolunu oynaya və alıcılıq gücündə nisbi dəyər qoruya bilər. Lakin büdcə kəsirinin artması bu addımların davamlılığını risk altına salır və fiskal sabitliyi zəiflədir. Subsidiyaların genişləndirilməsi bazarda süni tələbi artırır və inflyasiya təzyiqini uzunmüddətli perspektivdə gücləndirə bilər. Həmsöhbətimiz deyib ki, mexanizmin korrupsiyaya açıq olması isə sosial yardımın hədəf qruplara çatmasını çətinləşdirir. Nəticədə, sosial ödənişlər böhranı tamamilə həll etmir, sadəcə vaxt qazandırır və struktur problemlər yığılmağa davam edir. Əsl həll istehsalın artırılması və valyuta sabitliyinin bərpası ilə bağlı sistemli islahatlardan keçir.
“İran bölgənin böyük enerji ixracatçılarından biridir və hər gərginlik neft qiymətlərində dalğalanma yarada bilər. Hörmüz boğazı gündəlik 20 milyon barel həcmində neft daşınan strateji nöqtədir və oradakı risk bütün bazarlara anında ötürülür” deyən ekspert qeyd edib ki, boğazın bağlanması şərt olmasa belə, bağlanma ehtimalı belə qiymətlərin artması üçün kifayətdir.
Onun sözlərinə görə, daşınma və sığorta xərclərinin yüksəlməsi Asiya bazarlarında inflyasiya təzyiqini artırır və tədarük zəncirini zəiflədir. İran daxilində xaosun dərinləşməsi regional nəqliyyat marşrutlarında əlavə risklər yaradır:
“Buna görə də, böhranın enerji bazarına təsiri həm psixoloji, həm də real tədarük məhdudiyyətləri ilə müşayiət oluna bilər”.
Zülfü Məmmədov
Bakı 




