Muzeylər mədəni yaddaşın qorunduğu, keçmişin bu günə daşındığı ən mühüm ictimai məkanlardır.
Lakin sürətlə rəqəmsallaşan dünyada ənənəvi sərgi formatları təkbaşına yeni nəsil ziyarətçilərin diqqətini cəlb etməkdə çətinlik çəkir. İnteraktiv sistemlərin və rəqəmsal sərgilərin çatışmazlığı muzeylərin həm maarifləndirici, həm də cəlbedici funksiyalarını zəiflədir.
Bu səbəbdən rəqəmsallaşma yalnız texnoloji yenilik deyil, muzeylərin rəqabət qabiliyyətini artıran müasir idarəetmə tələbinə çevrilib.
Bu kontekstdə dövlət və özəl sektorun hansı model əsasında əməkdaşlıq edə biləcəyi və rəqəmsal həllərin muzey ziyarətçiliyinə təsiri xüsusi aktuallıq kəsb edir.
Rəqəmsal sərgilərin olmaması muzeylərin yeni nəsil ziyarətçilər üçün cəlbediciliyini nə dərəcədə azaldır? Muzeylərin rəqəmsallaşdırılması üçün dövlət və özəl sektor hansı modeli tətbiq edə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sənətşünas Sədaqət Zaurqızı qeyd edib ki, Azərbaycanda muzey və sərgi məkanlarında rəqəmsallaşdırma prosesləri hələ tam miqyasda həyata keçirilməsə də, müəyyən irəliləyişlərin olduğunu görürük:
"Virtual turlar, animasiyalar, artırılmış reallıq (AR) elementləri və rəqəmsal etiketaj kimi texnologiyalar xüsusən Bakının aparıcı muzey və qalereyalarında artıq tətbiq olunur. Lakin proses ölkə üzrə bərabər səviyyədə yayılmayıb və bölgələrdə bu cür imkanlar demək olar ki, müşahidə edilmir".
Onun sözlərinə görə, hazırda Xalça Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi kimi iri muzeylərin saytlarında virtual muzey turu mövcuddur:
"Bu, istifadəçilərə ekspozisiyaları onlayn şəkildə ziyarət etmək imkanı yaradır. Bununla yanaşı, fiziki ekspozisiyalar daxilində də rəqəmsal həllərə rast gəlinir. Milli İncəsənət Muzeyində demək olar ki, hər sərgidə müəyyən tabloların animasiya olunmuş versiyaları nümayiş etdirilir və bu, immersiv sərgi nümunəsi kimi qiymətləndirilə bilər".
Həmsöhbətimiz bildirib ki, rəqəmsallaşdırma fəaliyyətinin digər istiqaməti artırılmış reallıq texnologiyalarının tətbiqidir:
"Milli İncəsənət Muzeyində, eləcə də müxtəlif özəl qaleriyalarda, xüsusən "Qazelli Art House" kimi müasir sərgi məkanlarında ziyarətçilər QR kod vasitəsilə rəqəmsal kontentə çıxış əldə edə bilirlər. Sərgidə əsərin yanında yerləşdirilən QR kod skan edildikdə həmin əsərin tarixi, müəllifi, texnikası və digər məlumatlar ekranda açılır. Bu yaxınlarda nümayiş etdirilən “Mirzə Qədim İrəvani - 200” sərgisi bu baxımdan xüsusi qeyd edilməlidir. Sərgidə Sərdar Sarayını bəzəyən və uzun illər Gürcüstan Milli İncəsənət Muzeyində saxlanılan portretlər yer alır. Bu əsərlərin etiketajındakı QR kod skan olunduqda ziyarətçi artırılmış reallıq vasitəsilə portretin bərpadan əvvəlki və bərpadan sonrakı vəziyyətini müqayisəli şəkildə görə bilir. Bu, rəqəmsal texnologiyanın muzey işində ən funksional tətbiqlərindən biri kimi dəyərləndirilə bilər".

Sədaqət Zaurqızı, sənətşünas
Sonda müsahibimiz əlavə ki, virtual reallıq (VR) texnologiyasının tam şəkildə tətbiqi hələ Azərbaycanda geniş yayılmayıb. Bizdə VR sərgiləri daha çox videoçarxların proyeksiya olunduğu məhdud formatda həyata keçirilir:
"Bu sahədə inkişafın sürətlənməsi üçün dövlətin dəstəyi mühüm rol oynaya bilər. İlk növbədə muzey və qaleriyaların rəqəmsal avadanlıqlarla təmin olunması, müasir texnologiyaların alınması, proqram təminatının maliyyələşdirilməsi və rəqəmsal sərgi mədəniyyətinin formalaşdırılması istiqamətində investisiyalar vacibdir. Bu dəstək həm mövcud muzeylərin imkanlarını genişləndirər, həm də regionlarda rəqəmsal sərgi mədəniyyətinin inkişafına şərait yaradardı".
Əli Hüseynov
Bakı 




