İranda son həftələrdə baş verənlər artıq adi küçə etirazlarından çıxaraq çoxqatlı və mürəkkəb siyasi böhran mənzərəsi formalaşdırıb.
Ölkə eyni anda həm daxili narazılıqlar, həm rejimə dəstək aksiyaları, həm xaricdən gələn təhdid ritorikası, həm də müxalifət düşərgəsindəki ciddi parçalanmalarla üz-üzədir. Hər üç müstəvidən gələn informasiya axını hadisələrin nə qədər sürətlə dərinləşdiyini göstərir.
Etirazlar ilkin mərhələdə sosial-iqtisadi problemlərin, uzun illər davam edən sanksiyaların ağır nəticələrinin və regiondakı gərginliyin yaratdığı geniş narazılığın ifadəsi idi. Lakin proses qısa müddətdə silahlı qrupların iştirakı, təhlükəsizlik əməkdaşlarına hücumlar və bəzi radikal qrupların dini ibadət yerlərinə qarşı zorakılıqları ilə daha təhlükəli məcraya keçdi. Rəsmi iddialara görə, ölkənin müxtəlif bölgələrində 53 məscid yandırılıb və yaxın məsafədən atəş açılması nəticəsində yaralılar arasında belə ölənlər var. Eyni zamanda Tehran bildirir ki, xarici qüvvələr bu vəziyyətdən maksimum istifadə edərək ölkəni xaosa aparmaq, daha geniş qarşıdurma yaratmaq niyyətindədir.
Hökumətin mövqeyinə görə, etirazlar ilkin mərhələdə dinc xarakter daşıyıb və iqtidar tacirlər və aidiyyəti qruplarla dialoqa başlayıb. Lakin daha sonra silahlı qrupların nümayişçilərin arasına sızması prosesi təhrif edib və zorakılıq dalğasını genişləndirib. İran rəsmiləri təhlükəsizlik əməkdaşlarına qarşı təşkil olunmuş hücumlarla bağlı sübutların olduğunu bildirir və bu hücumların məqsədinin itkilərin sayını artıraraq ölkəni Suriya və Liviya ssenarisinə sürükləmək olduğunu iddia edir.
Digər tərəfdən, ölkənin müxtəlif şəhərlərində, o cümlədən, Rəşt və Ərdəbildə rejimə dəstək yürüşlərinin təşkili vəziyyətin nə qədər parçalanmış olduğunu göstərir. Bu aksiyalarda səsləndirilən bəzi şüarlar isə regiondakı siyasi dinamikanı daha da həssaslaşdırıb. Xüsusilə “Azərbaycan heç vaxt Xameneidən imtina etməyəcək” ifadəsi həm ölkə daxilində, həm də regionda ciddi müzakirələrə səbəb olub. Bu şüarda söhbət Azərbaycan Respublikasından yox, Güney Azərbaycanın vilayətlərindən getsə də, mesajın ünvanı açıqdır. Hakimiyyət bu yolla etnik bölgələrdə loyal mövqenin güclü olduğu təəssüratını yaratmağa, eyni zamanda etirazların mahiyyətini dar qrupların aksiyası kimi təqdim etməyə çalışır.
Bu paralel proseslərin fonunda ölkə daxilində müxalifət düşərgəsinin dağınıq mənzərəsi daha aydın görünür. Rza Pəhləvinin çıxışları və dəstək çağırışları nə ölkə içində real sosial dayağa çevrilir, nə də dinamik etiraz dalğasına liderlik etmək gücündədir. Onun açıqlamalarında “yeni mərhələ” elan edilsə də, müxtəlif etnik və siyasi qruplar tərəfindən ciddi qəbul olunmaması diqqət çəkir. Hətta Kürd bölgəsində Pəhləviyə qarşı səsləndirilən sərt reaksiyalar müxalifətin vahid xəttinin olmadığını göstərir.
Xarici siyasi müstəvidə isə ABŞ-dən gələn mesajlar kəskinləşib. Donald Tramp və digər amerikalı rəsmilər İranda dinc etirazçılara qarşı güc tətbiqinin “qırmızı xətt” olduğunu bildirir və Vaşinqtonun İran rejiminin hər hansı aqressiv addımına sərt cavab verməyə hazır olduğunu bəyan edir. Bununla yanaşı, ABŞ-nin birbaşa genişmiqyaslı hərbi müdaxiləyə əl atması hələ də az ehtimallı sayılır. Daha çox iqtisadi, diplomatik və siyasi təzyiq mexanizmlərinin işə düşməsi gözlənilir.
Bu mürəkkəb mənzərəyə İran hakimiyyətinin öz daxilində verdiyi qarışıq siqnallar da əlavə olunur. Bir tərəfdən dialoq təşəbbüsləri, sosial-iqtisadi islahat cəhdləri vurğulanır, digər tərəfdən represiya və sərt təhlükəsizlik tədbirləri davam edir. Artan itkilər və minlərlə saxlanılma isə prosesin qısa müddətdə səngiməyəcəyini göstərir.
Hazırkı vəziyyət göstərir ki, İran eyni anda müxtəlif istiqamətlərdən gələn təzyiqlərlə üzləşib. Etirazçı dalğası sosial-iqtisadi gərginlikdən qaynaqlanır və bu gərginliyin həlli üçün real proqram təqdim olunmayıb. Rejimə dəstək yürüşləri cəmiyyətdə parçalanmanın artıq siyasi deyil, dərin sosial ölçü qazandığını göstərir. Müxalifət daxilində vahid liderliyin olmaması ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır. Xarici siyasi təzyiq isə regional riskləri daha da yüksəldir.
Bütün bu faktorlar İranda baş verənləri sadəcə daxili etiraz deyil, Yaxın Şərqin növbəti böyük geosiyasi böhranına çevrilə biləcək çoxqatlı prosesə çevirir.
Ruslan Zəngəzur
Bakı 




