Azərbaycanda su təchizatı ilə bağlı problemlərdən biri itkilərlə bağlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.
Dövlət başçısı vurğulayıb ki, əgər itkilər aşağı səviyyədə olsaydı, mövcud su ehtiyatı bu gün kifayət edərdi: "Halbuki biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 %-dir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır. Biz bu proqramı daxili vəsait hesabına da icra edə bilərdik".
Prezident əlavə edib ki, ancaq ölkə qarşısında duran bir çox məsələlər var: "Həm Qarabağın, Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və həm də digər layihələr, sosial layihələr. Ona görə qeyd etdiyim kimi, biz iki mənbədən istifadə edəcəyik. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 %-ə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 %-ə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq".
Bakı 




