Sumqayıtda 67 yaşlı qonşusu Mehparə Ələkbərovaya dəmir alətlə xəsarətlər yetirərək onun ölümünə səbəb olan Mikayıl Şərifovun məhkəmə prosesi başa çatıb.
Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, 1983-cü il təvəllüdlü M.Şərifov 18 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.2., 120.2.4 və 120.2.9-cu maddələri üzrə təqsirli bilinib.
Məlum olub ki, M.Şərifov hadisəni narkotik vasitələrin təsiri altında, eyni zamanda sərxoş vəziyyətdə törədib. Daha öncə də Rusiyada məhkumluq həyatı yaşayan təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Mehparə Ələkbərovanı hadisədən 10-15 gün əvvəl tanıyıb.
“Mehparə qonşuların onun toyuqlarını qəsdən zəhərləyərək öldürdüyünü düşünürdü. Mübahisə onu bu fikirdən yayındırmaq, toyuqların xəstəlik səbəbindən tələf olmasına inandırmaq istəyirkən baş verdi. Sərxoş vəziyyətdə olduğum üçün Mehparə Ələkbərovanın dedikləri məni əsəbiləşdirdi.
Hadisədən əvvəl Mehparə məndən ölmüş toyuqlarının şəklini çəkməyi, “kserekopya”dan çıxarıb ona gətirməyi xahiş etmişdi. Şəkilləri sübut kimi saxlamağı düşünürdü. Mən də 10 nüsxə çıxartdırıb ona verdim. Mehparə də bunun qarşılığında mənə 15 manat ödədi” – təqsirləndirilən şəxs ifadəsində bildirib.
Qeyd edək ki, hadisə ötən ilin yanvarın 5-də baş verib. Şərifov Mikayıl Nurəddin oğlu qonşuluqda yaşayan Ələkbərova Mehparə İmanqulu qızı ilə mübahisə edib. Nəticədə M.Şərifov əlində olan dəmir alətlə (kərki) M.Ələkbərovanın baş nahiyəsindən bir neçə zərbə vuraraq ona qapalı kəllə-beyin travması və digər ağır dərəcəli bədən xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. M.Ələkbərova daha sonra xəstəxanada dünyasını dəyişib.
Bakı 




