Ağdam rayonunda həcmi 23 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 7 min hektar təşkil edən "Xaçınçay" su anbarı və Füzuli rayonunda ümumi həcmləri 15,5 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 6,2 min hektar təşkil edən "Köndələnçay" su anbarları təmir-bərpa edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
O bildirib ki, Laçın rayonunda həcmi 91 milyon kubmetr təşkil edəcək "Həkəriçay" su anbarının və Qubadlı rayonunda həcmi 67 milyon kubmetr təşkil edəcək "Bərgüşadçay" su anbarının tikintisi ilə əlaqədar layihə-smeta sənədləri yekunlaşmaq üzrədir. "Həkəriçay" su anbarının ilkin mərhələdə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının içməli su ilə təminatına xidmət etməsi nəzərdə tutulur.
"Bərgüşadçay" su anbarı isə Qubadlı, Zəngilan və Cəbrayıl rayonları üzrə 8,8 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin etməklə yanaşı, "Qız Qalası" su anbarına layihələndirilən magistral kanala saniyədə 12 kubmetr suyun ötürülməsinə xidmət edəcəkdir. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mövcud razılaşmalara uyğun olaraq Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su anbarlarının su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə tədbirlər davam etdirilir. "Qız Qalası" su anbarından ayrılan magistral suvarma kanalının tikintisi layihəsinin beynəlxalq maliyyə qurumu ilə birgə maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə kredit və layihə sazişləri imzalanmış və layihənin icrası istiqamətində işlərə başlanılmışdır. Bu layihə Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına, Cəbrayıl və Füzuli rayonları ərazisində 12 min hektar yeni torpaq sahəsinə suyun verilməsinə xidmət edəcək", - deyə Baş nazirin müavini diqqətə çatdırıb.
Bakı 




