İranın sürgündə olan vəliəhd şahzadəsi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək, onu İran hakimiyyətini devirmək üçün qətiyyətli addımlar atmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, vəliəhd şahzadə özünün “X” hesabında senator Lindsi Qremin fikirlərinə dəstək verərək, Trampın fəaliyyətini yüksək qiymətləndirib.
R. Pəhləvi Trampı “sülh və əməl adamı” adlandıraraq, hazırkı məqamın hakimiyyətə son qoymaqda İran xalqına kömək etmək üçün ən uyğun vaxt olduğunu bildirib.
Pəhləvi qeyd edib ki, İran rejimi hazırda özünün ən zəif dövrünü yaşayır və xalq onu devirməyə hazırdır:
“İranlıların ABŞ-nin quru qoşunlarına ehtiyacı yoxdur. Onlara sadəcə azad dünyanın liderinin qətiyyətli dəstəyi kifayətdir. Hələ də ABŞ-ni təhdid edən bir rejimlə danışıqlar aparmaq sülh gətirməyəcək, əksinə, cəsur etirazçılara dərhal dəstək vermək minlərlə həyatı xilas edəcək və bölgədə qalıcı sülhü təmin edəcək”.
Qeyd edək ki, Pəhləvinin paylaşımında diqqətçəkən əsas məqamlardan biri də bu addımın Donald Trampın tarixi mirası olacağı ilə bağlı fikirlərdir. O, Trampın sabiq prezident Obamadan fərqli olaraq iranlıları tək qoymayacağına və xalqın yanında duracağına inandığını ifadə edib./Qafqazinfo
Bakı 




