Nikol Paşinyanın hər bazar günü liturgiyada iştirak edəcəyini açıqlaması Ermənistan siyasətində həm dini, həm də ideoloji müzakirələri yenidən aktuallaşdırıb.
Bu bəyanat həm ölkə ictimaiyyətində Paşinyanın şəxsi dindarlığına dair suallar doğurur, həm də onun siyasi strategiyası və elektoratla münasibətinə işıq tutur.
Analitiklər bu addımı Paşinyanın ictimai imicini möhkəmləndirməyə və seçicilərin dini dəyərlərinə yönəlmiş mesaj verməyə hesabladığını vurğulayırlar. Eyni zamanda, bu qərar Ermənistan Kilsəsi ilə hökumət arasında yeni qarşıdurmaların ortaya çıxma ehtimalını gündəmə gətirir.
Paşinyanın dini ritualara qatılması yalnız fərdi iman məsələsi yox, həm də ölkənin siyasi və sosial dinamikasını təsir edə biləcək mühüm bir addımdır.
Ermənistan kilsəsi ilə hökumət arasında yeni qarşıdurma yarana bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Paşinyanın dini ayinlərdə iştirak etməsi onun birbaşa kilsəyə və ya dinə qarşı olmadığını, əksinə kifayət qədər dindar olduğunu və Ermənistanın dini dəyərlərinə hörmət etdiyini göstərir:
"Kilisə və müəyyən dairələrin propaqandası isə çalışır ki, Paşinyanın dinsiz olduğu, kilisəyə qarşı olduğu imicini yaratsın. Bu, əslində, çox təhlükəli bir tendensiyadır".
Onun sözlərinə görə, Ermənistanda kilsə və din amili hətta dövlətin özündən də yüksək səviyyədə qiymətləndirilir:
"Tarix boyunca Ermənistan dövlətinin olmadığı dövrlərdə erməni kilisəsi fəaliyyət göstərib və kilsə milli birliyin qorunmasında mühüm rol oynayıb. Ermənistan kilsəsi erməni etnosu ilə sıx bağlıdır. Bu baxımdan kilsə dövlətin üzərində sayılır və erməni xalqının varlıq mənbəyi hesab edilir".

Turan Rzayev: Paşinyanın intensiv iştirak etdiyi səfərlər təhlükəli ola bilər
Həmsöhbətimiz qeyd edib ki, belə bir kontekstdə, Paşinyanın atdığı addımlar çox riskli olsa da, uğurlu nəticələrə də gətirib çıxara bilər:
"Əgər Paşinyan kilsənin nüfuzunu azalda və dövlətin rolunu gücləndirə bilsə, bu, Ermənistanda köklü dəyişikliklərə səbəb ola bilər. Çünki erməni kilisəsi həm keçmiş ideologiyanın, həm də işğalçı planların əsas mənbəyidir. Paşinyan isə yeni Ermənistan ideologiyası əsasında daha realistik və praqmatik addımlar atmaq niyyətindədir".
Turan Rzayev onu da əlavə edib ki, kilsənin nüfuzunun tənzimlənməsi vacibdir. Bu addımlar eyni zamanda propaqandanın əsaslı olmadığını isbatlamağa da xidmət edir. Belə yanaşma cəsarətli, lakin yerində atılmış bir addımdır:
"Təbii ki, risklər də mövcuddur. Əgər kilisədə təhlükəsizlik tədbirləri kifayət qədər təmin edilməzsə, Paşinyanın intensiv iştirak etdiyi səfərlər təhlükəli ola bilər və onu aradan götürmək istəyən qüvvələr hərəkətə keçə bilər. Kilisəyə silah gətirmək və ya qətil törətmək isə inanc baxımından günahdır. Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, artıq Rusiyadan da Paşinyana qarşı bəzi şüarlar səslənməkdədir".
Əli Hüseynov
Bakı 




