Ukrayna müharibəsi ətrafında Vaşinqton, Kiyev və Avropa İttifaqı arasında aparılan diplomatik danışıqlar yenidən intensivləşib. Tərəflər müxtəlif formatlarda görüşlər keçirir, təhlükəsizlik və mümkün sülh mexanizmləri ilə bağlı mövqelərini müzakirə edirlər.
Bu diplomatik aktivlik fonunda prosesin real nəticələrə gətirib çıxarıb-çıxarmayacağı barədə müxtəlif yanaşmalar formalaşır.
Ukrayna üzrə ABŞ-Ukrayna-Aİ dialoqu real sülh prosesinə yol açır, yoxsa diplomatik təzyiq oyununun davamıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, Ukrayna üzrə Vaşinqton-Kiyev-Avropa İttifaqı dialoqunun prosesə müsbət təsirindən daha çox mənfisi var:
"Çünki münaqişə və ya müharibə tərəfləri danışıqlar aparırsa və bu prosesə kənar müdaxilələr olursa, prosesdə birbaşa iştirak etməyən dövlətlər öz şərtləri ilə qatılırsa, həmin proses çox vaxt həll olunmur, sadəcə zaman baxımından uzanır".
Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi artıq iki ölkə arasındakı münaqişədən daha çox Rusiya ilə Qərb - Avropa və ABŞ arasında gedən bir qarşıdurmaya çevrilib. Bu da Ukraynanın müstəqil qərar vermək imkanını məhdudlaşdırır:
"Çünki bu gün hətta radikal qərarların belə bir qismi Avropa tərəfindən, digər qismi isə ABŞ tərəfindən formalaşdırılır. Məsələn, uzun müddətdir ABŞ Rusiyayla danışıqlar aparır, amma bu görüşlərdə Ukrayna iştirak etmir. Eyni zamanda Ukrayna Prezidenti ilə paralel danışıqlar aparılsa da, bu, prosesdə kənar güclərin yüksək təsirini göstərir. Bu təsir isə Rusiya ilə Ukrayna arasında birbaşa həllə deyil, prosesin daha da uzanmasına gətirib çıxarır".

Xəyal Bəşirov: Masaya oturmaq üçün isə ortaq kompromis lazımdır
Müsahibimiz qeyd edir ki, tərəflər - yəni Rusiya və Ukrayna birbaşa masaya oturmayınca, nə müharibədə səngimə, nə də yumşalma görə bilərik. Masaya oturmaq üçün isə ortaq kompromis lazımdır. Bu kompromis isə real görünmür:
"Ukraynanın ərazi bütövlüyünü sual altına alan danışıqlar Ukrayna dövləti və xalqı tərəfindən qəbul edilmir. Digər tərəfdən Rusiyanın da müəyyən güzəştlərə getməsi gündəmdə deyil. Bu səbəbdən prosesin yaxın perspektivdə həlli mümkün görünmür".
X.Bəşirov bildirib ki, müvəqqəti atəşkəsi Rusiya qəbul etmir. Ukrayna isə birdəfəlik və ədalətli razılaşma olmadığı halda bu təklifi dəstəkləmir. Bu da prosesi daha da çətinləşdirir və hələ ki, müsbət dinamika görünmür.
"ABŞ 28 maddəlik “sülh planı” təqdim etmişdi. Daha sonra bu maddələrdə dəyişiklik edildi. Avropa İttifaqı isə 24 maddəlik başqa bir plan irəli sürdü. Hər iki plan bir-birinə zidd olduğuna görə, bunlar da prosesin həllinə deyil, daha çox uzanmasına səbəb oldu".
Zeynəb Rzayeva
Bakı 



