Son günlərdə Rusiya mediasında böyük səs-küy yaradan açıqlama Kremlin tanınmış təbliğatçısı Vladimir Solovyovdan gəlib.
Rusiya Prezidenti Vladimir Putindən “Vətənə xidmətə görə” ordeni alan Solovyov Ukrayna savaşında ordunun ağır vəziyyətinə və Moskvanın uzunmüddətli ilişməsinə baxmayaraq, postsovet məkanında yeni hərbi əməliyyatların mümkünlüyündən danışıb. Onun sözləri Kreml təbliğatının sərt tonundan kənara çıxaraq daha geniş geosiyasi narahatlığın əlamətinə çevrilib.
Solovyov internet kanalında yayımlanan müəllif proqramında Cənubi Qafqaz və Mərkəzi Asiyanın Rusiyanın “yaxın xaric” adlandırdığı zonanın əsas hədəfləri olduğunu bildirib. O deyib ki, Moskvanın nə Suriya, nə də Venesuela ilə bağlı narahat olmasına ehtiyac var və əsas diqqət postsovet məkanında baş verənlərə yönəlməlidir. Ermənistanın Rusiyadan uzaqlaşması onun üçün ən ağrılı məsələlərdən biri kimi təqdim olunur. Solovyov iddia edir ki, Ermənistanın itirilməsi Rusiya üçün strateji fəlakət ola bilər və Mərkəzi Asiyada yaranan vəziyyət Moskvanın təhlükəsizliyini birbaşa təhdid edir. O, açıq şəkildə bildirib ki, Moskva beynəlxalq hüquqa məhəl qoymamalı və lazım gələrsə təsir zonasında yeni “xüsusi hərbi əməliyyatlar” başlatmalıdır. Onun fikrincə, Ukraynada başlamış əməliyyat milli təhlükəsizlik üçün əsaslandırılırsa, eyni arqument postsovet məkanının digər ölkələrinə də şamil edilə bilər.
O, ukraynalılarla bağlı da son dərəcə sərt və radikal fikir səsləndirib. Solovyov hesab edir ki, rəhm etməmək və qəddarlıq göstərmək müharibənin daha tez bitməsinə səbəb olacaq. Bu fikirləri Rusiyada belə geniş rezonans doğurub və təbliğatçının aqressiv ritorikasının nə qədər təhlükəli istiqamət ala biləcəyini göstərib.
Solovyovun Cənubi Qafqazla bağlı açıqlamaları da yeni deyil. O, əvvəlki çıxışlarında regionda NATO-nun fəaliyyət imkanlarını qabartmış və Xəzərdə NATO bazalarının peyda olmasının Rusiyanın təhlükəsizliyinə “çox ağır nəticələr” doğuracağını iddia etmişdi. Bu kontekstdə Cənubi Qafqazda yeni hərbi əməliyyat ehtimalını istisna etmədiyini də açıq şəkildə dilə gətirmişdi. Ermənistan rəhbərliyini sərt şəkildə hədəf alan Vladimir Solovyov Nikol Paşinyanı təhqiramiz sözlərlə xarakterizə etmiş və onu xarici xüsusi xidmət orqanlarının “regiona yerləşdirdiyi fiqur” adlandırmışdı. Bu səbəbdən onun müəllif proqramları Ermənistanda yayımdan çıxarılıb.
Mərkəzi Asiya ilə bağlı səsləndirilən təhdidlər də Kreml ideoloqlarının hazırkı xəttinə uyğundur. SSRİ-nin dağılmasından sonra region bir müddət ABŞ siyasətində arxa plana keçsə də, enerji ehtiyatları, ticarət potensialı və geosiyasi tranzit imkanları Rusiyanın və Çinin marağını artırdı. Xüsusilə Rusiya Ukrayna müharibəsindən sonra bölgəni strateji ön plana çəkib və Qərbin artan təsirini təhlükə kimi görür. ABŞ və Avropa İttifaqı ilə imzalanan yeni strateji sazişlər Moskvanın narahatlığını gücləndirib. Solovyov kimi fiqurların regiona yönəlik sərt mesajları Rusiyanın itirilən təsir dairəsini təbliğat yolu ilə geri qaytarmaq cəhdinin bir parçası kimi qiymətləndirilir.
Putinin Solovyova orden təqdim etməsi isə bu ritorikanın təsadüfi olmadığını göstərir. Kreml öz ideoloji təbliğat xəttini gücləndirmək, daxili auditoriyanı toparlamaq və postsovet məkanındakı təsirini qorumaq üçün Solovyov kimi fiqurları önə çıxarır. Lakin Ukrayna savaşında ilişib qalan Rusiya üçün yeni hərbi cəbhələr açmaq reallıqda çətin görünür. Buna baxmayaraq, Moskvadan gələn sərt bəyanatlar region ölkələrinə siyasi təzyiq yaratmaq məqsədi daşıyır və bu təbliğatın davam edəcəyi ehtimal olunur.
Züriyə Qarayeva
Bakı 




