• Bakı C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Tahir Budaqov YAP-dakı vəzifəsindən gedəcək? - AÇIQLAMA

SİYASƏT

11 Fevral 2026 | 11:59

Tahir Budaqov YAP-dakı vəzifəsindən gedəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, fevralın 9-da Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra Yeni Azərbaycan Partiyasında (YAP) Aparat rəhbəri postu boşalmış sayılır.

Tahir Budaqovun icra başçısı təyin olunması onun Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini- Mərkəzi Aparat rəhbəri vəzifəsindən getməsi söhbətini də aktuallaşdlırdı. Qeyd edək ki, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq, yerli icra hakimiyyəti başçıları heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər. Onlar elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, habelə vəzifə maaşından əlavə məvacib ala bilməzlər.

Onu da bildirək ki, T.Budaqov dövlət başçısının sərəncamı ilə 2021-ci ildən YAP-da bu vəzifəni tutur.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin YAP-dan olan deputatı Azər Badamov bildirib ki, rəhbər vəzifələrə təyinat Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətlərinə daxildir və bu məsələ qanunvericiliklə dəqiq şəkildə tənzimlənir.

Deputat qeyd edib ki, Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması məhz prezidentin sərəncamı ilə həyata keçirilib:

“Rəhbər vəzifələrə təyinat cənab Prezidentin səlahiyyətindədir. Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı sərəncamını da ölkə başçısı imzalayıb. Eyni zamanda, onun Yeni Azərbaycan Partiyasının Aparat rəhbəri vəzifəsinə təyin olunması da müvafiq qərar əsasında baş tutub. Bu məsələlər hüquqi prosedurlar çərçivəsində həyata keçirilir”.

Azər Badamov, deputat

Azər Badamov vurğulayıb ki, dövlət idarəçiliyində əsas meyar effektivlik, məsuliyyət və qanunvericiliyə uyğun fəaliyyətdir:

“Ölkə prezidentinin çıxışlarında da dəfələrlə qeyd olunub ki, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri öz fəaliyyətlərini yüksək məsuliyyətlə və şəffaf şəkildə həyata keçirməlidirlər. Əgər hər hansı struktur dəyişikliyi və ya kadr qərarı zəruri hesab olunarsa, bu da yenə cənab Prezidentin səlahiyyətləri çərçivəsində həyata keçirilir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

10 Fevral 2026