Xəbər verdiyimiz kimi, fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanıb və iki dövlət arasında münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir.
Mərasimdə hər iki tərəf sənədin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da dərinləşdirəcəyini, qarşılıqlı münasibətləri möhkəmləndirəcəyini vurğulayıb. ABŞ Vitse-prezidenti bildirib ki, Xartiya həm regionun təhlükəsizliyi, həm də sülhün və rifahın gücləndirilməsinə xidmət edəcək. Sənəd çərçivəsində tərəflər birgə işçi qruplarının yaradılması, regional əlaqələrin genişləndirilməsi, müdafiə, enerji və texnoloji sahələrdə əməkdaşlığın artırılması üzrə konkret addımlar atılmasını planlaşdırırlar. Xartiya Azərbaycanın və ABŞ-nin suverenlik, müstəqillik və ərazi bütövlüyünə qarşılıqlı hörmətlərini yenidən təsdiqləyir və iki ölkə arasında qarşılıqlı əməkdaşlığın geniş spektrini əhatə edir.
Bu imza mərasimi Azərbaycan-ABŞ münasibətlərində uzunmüddətli strateji əməkdaşlığın rəsmi sənədini formalaşdıraraq, hər iki ölkənin prioritet istiqamətlərini müəyyənləşdirir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a mövzuyla bağlı danışarkən deyib ki, Prezident İlham Əliyev 8 avqust tarixində Vaşinqtonda keçirilən görüşü tarixi adlandırmışdı. Bu gün baş verən hadisələr sübut edir ki, bu həqiqətən də belədir. Ümumiyyətlə, ABŞ-nin prezidenti Donald Tramp özünəməxsus xarakterə və xüsusiyyətə malik bir liderdir. Məsələn, Tramp Dövlət Departamentıinə etibar etmək əvəzinə danışıqları özünə yaxın olan insanlara həvalə edir.
Politoloqun sözlərinə görə, etibarlı şəxslərə bu etimad ondan xəbər verir ki, Tramp ABŞ xarici siyasətində bürokratiyaya şübhə ilə yanaşır, şəxsi münasibətlərin və işgüzar bacarıqların qurumların əldə edə bilmədiyi nəticələr verə biləcəyinə inanır.

Şəbnəm Həsənova: İlham Əliyev dünya siyasətinə və proseslərə praqmatik yanaşması ilə seçilən liderdir
Ş.Həsənovanın fikrincə, məhz bu tənzimləmə Trampın xarici siyasətinin bütün xüsusiyyətlərini özündə cəmləşdirir. Belə ki, o, iktərəfli sövdələşmələrə üstünlük verir, kommersiya faydalarının arxasınca qaçır, eyni zamanda əməliyyat diplomatiyasına müraciət edir. Bu isə formallıqdan çıxan, çərçivələri aşan, nəticəyönümlülük deməkdir. Şübhəsiz ki, Tramp məhz bu dəst-xətti əsas götürən aktorlarla əməkdaşlığa üstünlük verir:
"Azərbaycan Prezidenti Cənab İlham Əliyev dünya siyasətinə və proseslərə praqmatik yanaşması ilə seçilən liderdir. Son dərəcə aydın vizyona, qətiyyətə, praqmatizmə, konkret nəticə əldə etməyə söykənən siyasət yürüdür. Sadə məntiqdir ki, əgər Cənubi Qafqazda münaqişəyə son qoyulubsa, bunun davamı inkişaf və tərəqqi üzərində qurulmalıdır. Heç bir halda proseslərin geriyə, revanşizmə, müharibəyə, qisasa fokuslanması mümkün deyil".
Müsahibimiz bildirib ki, hər nə qədər maneə və təzyiqlər olsa da, Azərbaycan Prezidenti bunların öhdəsindən gəlməyi bacardı və bu gün əgər dünyanın fövqəldövləti ilə “Strateji Tərəfdaşlıq haqqında Xartiya” imzalanırsa, bu məhz Azərbaycan liderinin qətiyyətinin, bir daha sübut olunan siyasi səriştəsinin nəticəsidir:
"Vensin səfərindən öncə cənab İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi. Məhz bu qəbul zamanı 31 şirkətdən 60 nəfər nümayəndə ilə görüş keçirildi. Biznes əlaqələrinin siyasi əlaqələrdən daha sürətlə inkişaf etdiyini görürük. Lakin ABŞ-Azərbaycan münasibətlərində siyasi münasibətlər iqtisadi əlaqələri üstəliyir.
Bu, Azərbaycan Prezidentinin və Azərbaycan hökumətinin fəaliyyətinin nəticəsidir. Bu amili isə biz deyil, məhz qarşı tərəf vurğuladı".
Politoloq əlavə edib ki, ABŞ ilə Azərbaycan arasında hərbi texniki sahədə əməkdaşlıq genişləndirilir. Bu məsələ Xartiyada öz əksini tapıb:
"Tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirirlər. Deməli, regionun təhlükəsizlik arxitekturası yenidən qurulur və buna gətirib-çıxardan amil Azərbaycanın yaratdığı reallıqdır. Azərbaycan bu yolda ABŞ ilə birgə addımlar atır. Yəni, burada təhlükəsizlik arxitekturasının birlikdə qurulmasından söhbət gedir. Azərbaycan terrorizmə qarşı mübarizə aparan ölkədir. Əfqanıstanda göstərdiyimiz fəaliyyət məlumdur".
Onun sözlərinə görə, həmin bu məsələ bir daha Vens tərəfindən vurğulandı və Azərbaycan ordusunun ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandığına diqqət çəkildi. Bu gün dünyada yeni çağırışlar var. Bunlardan biri qarşısıalınmaz süni intellektdir. Bu baxımdan tərəflər rəqəmsal infrastruktur, kosmik sənaye sahəsində layihələri təşviq etməyi planlaşdırırlar. Bu məhz Trampın qeyd edilən yanaşmasına uyğundur:
"Regional bağlantılar qədər tərəfdaşlığa təkan verən ikinci amil yəqin ki, buna tərəflərin bu layihələrə göstərmiş olduğu sədaqət xidmət edə bilər. Enerji amili üzərindən qurulan əməkdaşlıq, illər ərzində Azərbaycanın etibarlı tərəfdaş olması bu xidmətin sual altına salınmasının ehtimalını belə açıq qoymur".
Ş.Həsənova bildirir ki, Azərbaycan və ABŞ Transxəzər Nəqliyyat Dəhlizini əsas götürərək quru, dəniz və hava nəqliyyat infrastrukturunun inkişafını birgə işləmək niyyətinə sadiqlik ifadə edirlər. Bu isə heç şübhəsiz ki, ticarət və tranzitin asanlaşdırılmasını, bariyerlərin aşılmasını nəzərə tutur. Bütövlükdə, elə Vensin səfəri də Azərbaycanın, Cənubi Qafqazın xarici siyasətdə bariyerləri aşdığını göstərir.
Zeynəb Rzayeva
Bakı 




