Mövcud geosiyasi vəziyyət və regional təhlükəsizlik çağırışları fonunda, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin olunmasına ardıcıl diqqət yetirilməsi ölkənin suverenliyi və ərazi bütövlüyü üçün prioritet məsələ kimi qalır.
Bakıvaxtı.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat”ı təqdim edərkən bildirib ki, 2025-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb. O vurğulayıb ki, bu, dövlət siyasətinin əsas prioritetlərindən biri olmaqla yanaşı, ölkənin təhlükəsizliyinin etibarlı təminatına xidmət edir.
2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik sahəsinə 8,1 milyard manat vəsait ayrılıb ki, bu da 2024-cü illə müqayisədə 1,5 milyard manat və ya 23% artım deməkdir. Ötən il isə Azərbaycan 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsullar istehsal edib və hazırda bu məhsullar təxminən 20 ölkəyə ixrac olunur.
Baş nazir qeyd edib ki, mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə edilmiş uğurların qorunması, təhlükəsizliyin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, sərhədlərin toxunulmazlığının təmin olunması və milli maraqların müdafiəsi istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlər davam etdiriləcək. Bu yanaşma Azərbaycanın regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Bakı 




