Səbail rayonu, Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanında yerləşən yaşayış binasında artıq 15 gündür ki, mərkəzi istilik sistemi tamamilə işləmir və mənzillərə istilik verilmir.
Bu barədə adıçəkilən binanın sakinlərinin Bakıvaxtı.az-a şikayətində bildirir.
Bu qədər uzun müddət ərzində problemin aradan qaldırılmaması sakinlərin səbrini tükəndirib və onların, xüsusən də yaşlıların, azyaşlı uşaqların sağlamlığını real təhlükə altına qoyub.
Daha acınacaqlısı budur ki, həmin binanın birinci mərtəbəsində uşaq poliklinikası yerləşir və istiliyin olmaması səbəbindən otaqlar buz kimi soyuqdur. Bu şəraitdə tibbi xidmətin göstərilməsi bir yana, poliklinikaya müraciət edən uşaqlar əlavə xəstəlik riski ilə üz-üzə qalır.
Sakinlər bildirirlər ki, istiliyin verilməməsi nəticəsində mənzillərdə artıq nəmişlik əmələ gəlib, divarlar zədələnib və yaşayış şəraiti ciddi şəkildə pisləşib.
Şikayətçilər dəfələrlə “Azəristiliktəchizat” ASC-yə müraciət etmələrinə baxmayaraq, qurumdan heç bir real reaksiya verilməyib. Əksinə, qurum nümayəndələri problemin guya su sızıntısı ilə bağlı olduğunu, hətta sızıntını da sakinlərin özlərinin tapmalı olduğunu bildiriblər. Bu yanaşma isə açıq-aşkar məsuliyyətdən yayınmaq və dövlət qurumunun öz funksiyasını yerinə yetirməkdən imtina etməsidir. Sual olunur: Dövlət qurumu öz işini görməlidirmi, yoxsa bunu da sakinlər etməlidir?
Sakinlər “Azəristiliktəchizat” ASC-dən dərhal, təxirə salınmadan müdaxilə etməyi, istilik təminatını bərpa etməyi və məsul şəxslərin bu laqeydliyə görə cavab verməsini tələb edirlər. Problemin bu qədər uzadılması artıq adi texniki nasazlıq yox, açıq-aşkar vəziyyətə biganəlik və vəzifə səhlənkarlığı kimi qiymətləndirilir.
Murad Məmmədli
Bakı 



