2025-ci ilin noyabrın 1-nə vaxtı keçmiş kreditlərin həcmi 544.8 milyon manat təşkil edib, bu isə aylıq müqayisədə 3.2% artımdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.
Qeyd olunur ki, ötən ilin eyni dövründə isə problemli kreditlərin məbləği 479.8 milyon manat olub. Belə ki, illik müqayisədə 13.5% artım olub.
Bundan başqa, oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib. Bu göstərici sentyabrın sonu və ötən ilin oktyabr ayı ilə eynidir.
Ötən ilin dekabrında 655 milyon manat olan qeyri-işlək kreditlər bu ilin oktyabrında 805 milyon manata çatıb. Yəni təxminən 150 milyon manatlıq artım qeydə alınıb.
Problemli kreditlərin artmasının səbəbi nədir? Bu problemin qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, qeyri-işlək və problemli kreditlərin ümumi kredit portfelində mütləq və nisbi ifadədə artımı müşahidə olunur:
"Ümumi kredit portfelində nisbi ifadədə problemli və qeyri-işlək kreditlərin faizi ilin əvvəlində 2.4 faiz idisə, oktyabrın sonunda 2.7 faizə qədər yüksəlib. Ümumi kredit portfelində də problemli kreditlərin xüsusi çəkisi artıb. İlin əvvəli ilə müqayisədə kreditlərin strukturunda pisləşmə olsa da, 2.7 faiz yaxşı rəqəmdir. Nəzərə alaq ki, bir neçə il öncə problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi daha yüksək idi. Ona görə də hazırkı ümumi vəziyyət qənaətbəxşdir və təhlükəli deyil. Bu vəziyyət Mərkəzi Bankı narahat edəcək məqam deyil".
İqtisadçı hesab edir ki, problemli kreditlərin strukturunda daha çox istehlak kreditlərində pisləşmə mövcuddur. Əgər ilin əvvəlində problemli kreditlərin pisləşməsi 2.9 faizdirsə, oktyabrın sonunda 3.5 faizə qalxıb.

Xalid Kərimli: Bu il istehlak və biznes kreditlərinin faiz dərəcəsində 3 faizə qədər artım var
"Problemli kreditlərin son bir neçə ayda artmasının müxtəlif səbəbləri var. Bu səbəblərə xüsusilə ərzaq mallarının inflyasiyasının yüksək qalması, Mərkəzi Bankın siyasətinin nəticəsi olaraq ölkədə faiz dərəcələrinin 2-3 illə müqayisədə sürətlə yüksəlməsidir. 2022-2023-cü illərlə müqayisədə bu il istehlak və biznes kreditlərinin faiz dərəcəsində 3 faizə qədər artım var. Bu, kredit faizlərinin təxminən 20-25 faiz artması deməkdir. Bu isə ödəyicilərin ödəmə qabiliyyətinə mənfi təsir göstərir", - deyə müsahibimiz əlavə edib.
X.Kərimli onu da qeyd edib ki, problemli kreditlərin silinməsi bankların səlahiyyətində olan bir məsələdir. Mərkəzi Bank və dövlət bununla bağlı tapşırıq verə bilməz.
Gülşən Şərif
Bakı 



