Ermənistanda hökumət-kilsə münasibətləri yeni və gərgin mərhələyə daxil olub. Paşinyan hakimiyyətinin II Qaregini zəiflətməsi, onun mümkün varislərini əvvəlcədən müəyyənləşdirməsi və kilsə idarəçiliyinə açıq müdaxilə etməsi artıq gizlədilməyən siyasi xəttə çevrilib.
Məlumatlara görə, hökumətin əsas namizədləri arxiyepiskop Hovnan Terteryan və I Aramdır. Bu seçim təsadüfi deyil, çünki hər iki fiqur Eçmiədzinə tam bağlı olmayan, hakimiyyət üçün daha proqnozlaşdırılan və kilsə daxilində balansı dəyişə biləcək şəxslər sayılır.
II Qaregin ətrafında yayılan qalmaqallı videonun “orijinal” kimi təsdiqlənməsi, arxiyepiskop Arşak Xaçatryanın həbs riskinin gündəmə gəlməsi və təhlükəsizlik orqanlarının yeparxiya rəhbərlərinə “fərdi ziyarətləri” kilsə rəhbərliyinə yönəlmiş təzyiqin sistemli olduğunu göstərir. “Katolikos erası bitdi” mesajı hakimiyyətin məqsədini açıq şəkildə ifadə edir: kilsə rəhbərliyini yenidən formalaşdırmaq və siyasi müstəvidə Eçmiədzinin təsirini minimuma endirmək.
Bu prosesin siyasi səbəbləri dərin və çoxqatlıdır. Qarabağ müharibəsi sonrası kilsə cəmiyyətin ən böyük tənqidçi platformasına çevrilmişdi. Paşinyan üçün kilsənin radikal müxalifətlə əlaqəsini zəiflətmək və dini strukturu siyasi risk mənbəyinə çevrilmədən idarə etmək həyati əhəmiyyət daşıyır. Yeni katolikosun nəzarətli şəkildə seçilməsi hökumətə legitimlik böhranlarını yumşaltmaq, həm də müxalif kilsə çevrələrindən gələn təzyiqləri azaltmaq imkanı verir.
Namizədlərin seçimi də bu məqsədə uyğun formalaşıb. Hovnan Terteryan diaspora və ABŞ kilsə strukturlarına yaxınlığı ilə hakimiyyət üçün “idarəolunan” fiqur təsiri bağışlayır. I Aram isə Kilikiya katolikosluğunun başçısı olsa da, Eçmiədzinlə olan tarixi rəqabət onun Ermənistan daxilində tam dominant fiqura çevrilməsinin qarşısını alır. Hər iki variant Paşinyanın kilsə üzərindəki təsirini artırmaq xəttinə uyğun gəlir.
Gələcək mərhələdə kilsə daxilində parçalanma, diasporun daha aktiv müdaxiləsi və Eçmiədzin ətrafında yeni güc qruplarının yaranması real ehtimaldır. Bir tərəfdən hökumətin təzyiqi, digər tərəfdən kilsə daxilindəki narazılıqlar Ermənistanı dini-siyasi böhranın dərinləşməsi ilə üz-üzə qoyur. II Qareginin mümkün ev dustaqlığı və ya istefası isə Ermənistan kilsə tarixində presedent olacaq və prosesləri daha da kəskinləşdirəcək.
Beləliklə, Paşinyan hakimiyyətinin kilsəyə yönəlmiş bu müdaxiləsi sadəcə dini rəhbərliyin dəyişdirilməsi deyil, Ermənistanın gələcək siyasi arxitekturasını yenidən dizayn etmə cəhdidir. Bu qarşıdurma həm kilsəni, həm də ölkənin siyasi sabitliyini uzun müddət təsir altında saxlaya biləcək strateji bir qarşıdurmaya çevrilməkdədir.
Ruslan Zəngəzur
Bakı 



