PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində tərksilah olması prosesi başa çatıb.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, prosesə şahidlik edən nümayəndə heyəti bölgəni tərk edib.
Qeyd edilib ki, 4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.
Silahı buraxan PKK qrupu bəyanat yayaraq bildirib ki, hüquqi yollarla mübarizəni davam etdirmək üçün öz iradələri ilə silahlarını məhv ediblər:
“Demokratik siyasət və hüquqi yollarla mübarizəmizi davam etdirmək üçün öz iradəmizlə, sizin gözünüz önündə silahlarımızı məhv edirik. Yaxın Şərqin qan gölünə çevrildiyi və xalqımızın sülhə, azadlığa, bərabərliyə və demokratiyaya hər zamankindən daha çox ehtiyacı olduğu bir vaxtda biz bu addımın aktuallığını və tarixi əhəmiyyətini dərk edirik”.
***
12:22
PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olmağa başlayıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, silah buraxma prosesi Türkiyə tərəfinin iştirakı və nəzarəti ilə baş tutub.
***
09:02
PKK terror təşkilatının bu gün silahları təhvil verməyə başlayacağı gözlənilir.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Terrorçular həbsdə olan PKK lideri Abdullah Öcalanın çağırışından sonra bu gün silahı yerə qoymağa başlayacaq.
İlk olaraq İraqın şimalında yerləşən Süleymaniyyə şəhərində bir qrup PKK üzvünün silahlarını yerə qoyacağı gözlənilir.
Silahsızlaşdırma prosesinin bir neçə aya başa çatdırılması hədəflənir.
Ankara, Ərbil və Bağdad administrasiyalarının koordinasiyası ilə silah buraxma məntəqələrinin yaradılması və təşkilatın silahlarını bu bölgələrdə qoyması nəzərdə tutulur.