• Bakı 30° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

BƏƏ-də Bakı-İrəvan dialoqu: Moskvanın kənarda qaldığı yeni Cənubi Qafqaz düzənimi?

SİYASƏT

11 Iyul 2025 | 09:50

BƏƏ-də Bakı-İrəvan dialoqu: Moskvanın kənarda qaldığı yeni Cənubi Qafqaz düzənimi?

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında son vaxtlar baş tutan birbaşa təmaslar fonunda bölgədə diplomatik dinamikalar dəyişir. Rusiya tərəfi bu danışıqları dəstəklədiyini bəyan etsə də, bu dəstəyin arxasında duran motivlər və real siyasi çəki maraq doğurur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Moskvanın bəyanatı Rusiyanın faktiki olaraq əvvəlki vasitəçi statusunu itirdiyini ört-basdır etmək cəhdidir. Onun sözlərinə görə, Moskva başa düşür ki, Bakı və İrəvan artıq Kremlə ehtiyac duymadan danışıqlar apara bilirlər:

“Bu, Azərbaycanın regional diplomatiyadakı artan çəkisi və Ermənistanın da Qərbə daha çox yaxınlaşmaq istəyi ilə bağlıdır. Rusiya bu proseslərə mane ola bilməyəcəyini gördükdə, “alqışlamaqla” situasiyaya uyğunlaşmağa çalışır”.

“Bəs Rusiya-Ermənistan münasibətlərindəki soyuqluq kontekstində Moskvanın bu mövqeyi necə başa düşülməlidir” sualını cavablandıran politoloq qeyd edib ki, Rusiya ilə Ermənistan arasında münasibətlər heç vaxt bu qədər gərgin olmayıb. Müsahibimiz bildirib ki, Paşinyan hökuməti artıq Rusiya təhlükəsizlik arxitekturasına güvənmir:

“Bu fonda Moskvanın Bakı-İrəvan təmaslarını dəstəkləməsi həm Ermənistanı cəzalandırmamaq, həm də regionda tam kənarda qalmamaq cəhdidir. Rusiya faktiki olaraq oyunçudan müşahidəçiyə çevrilir”.

Züriyə Qarayeva: Danışıqların davalılığı tərəflərin iradəsindən və xüsusilə Ermənistanın daxili siyasi sabitliyindən asılıdır

Z.Qarayeva Ermənistanla Azərbaycanın bu formatda birbaşa təmaslarının gələcəkdə hansı siyasi dəyişikliklərə səbəb ola biləcəyindən də danışıb. Dediyinə görə, əgər tərəflər özləri müstəqil şəkildə, üçüncü tərəflərin diktəsi olmadan danışa bilirlərsə, bu artıq yeni bir mərhələdir. Bu format Cənubi Qafqazda güc balansının dəyişdiyini, region dövlətlərinin öz taleyinə sahiblənmək istədiyini göstərir:

“Zəngəzur dəhlizi, sərhəd məsələləri və sülh müqaviləsi kimi mühüm məsələlərin bilavasitə Bakı-İrəvan xəttində müzakirəsi, bölgədə yeni siyasi reallıqların əsasını qoya bilər. Bu isə həm Rusiya, həm də digər xarici güclər üçün xəbərdarlıqdır – Cənubi Qafqaz artıq təkcə onların maraq dairəsi deyil”.

Sülh müqaviləsinə doğru bu cür danışıqların davamlılığına gəlincə, həmsöhbətimiz bildirib ki, bu, tərəflərin iradəsindən və xüsusilə Ermənistanın daxili siyasi sabitliyindən asılıdır. Qarayevanın sözlərinə görə, Azərbaycan tərəfi kifayət qədər aydın və ardıcıl mövqe sərgiləyir:

“Əgər Paşinyan revanşist təzyiqlərə qarşı dura bilsə, bu format davam edə bilər. Əks halda, Moskvanın və ya digər güclərin boşluqdan istifadə etməsi riski qalır. Amma istənilən halda, Bakı-İrəvan birbaşa dialoqu artıq keçmişin kölgəsində deyil, gələcəyin reallığı üzərində qurulur”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR