Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan–İran–Rusiya əməkdaşlığı regionda formalaşan yeni güc konfiqurasiyasının ən diqqətçəkən istiqamətlərindən biri kimi ön plana çıxır.
Tərəflər arasında münasibətlərin ideoloji deyil, praqmatik maraqlara əsaslanması bu formatı həm funksional, həm də dəyişən şəraitə uyğunlaşa bilən elastik platformaya çevirir. Xüsusilə nəqliyyat-logistika və enerji təhlükəsizliyi sahələrində ortaq təşəbbüslər, o cümlədən “Şimal–Cənub” dəhlizinin inkişafı region ölkələrinin iqtisadi qarşılıqlı asılılığını artırmaqla yanaşı, siyasi koordinasiyanı da dərinləşdirir.
Bu konfiqurasiya Azərbaycanın tranzit mərkəzi rolunu gücləndirir, İranın logistik imkanlarını genişləndirir, Rusiyanın isə cənub istiqamətində alternativ iqtisadi bağlantılar qurmasına şərait yaradır.
Beləliklə, yaranan əməkdaşlıq formatı regional güc balansında mərhələli transformasiyanın aparıcı elementlərindən birinə çevrilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan–İran–Rusiya əməkdaşlığı regionda formalaşan yeni güc konfiqurasiyasının praqmatik əsaslar üzərində qurulduğunu göstərir.
"Bu formatın əsas dayağı nəqliyyat-logistika, enerji təhlükəsizliyi və regional sabitlik məsələləridir. Xüsusilə “Şimal–Cənub” dəhlizi tərəflər arasında iqtisadi asılılığı artırmaqla yanaşı, siyasi koordinasiyanı da dərinləşdirir. Azərbaycan bu prosesdə əsas tranzit mərkəzi kimi çıxış edərək regional çəkisini sistemli şəkildə artırır",- deyə o, qeyd edib.

Tural İsmayılov: Tərəflər arasında əməkdaşlıq ideoloji deyil, sırf maraqlar üzərində qurulmuş funksional model xarakteri daşıyır
Onun sözlərinə görə, İran üçün bu əməkdaşlıq logistik imkanların genişlənməsi və regional inteqrasiyanın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Rusiya isə mövcud geosiyasi şərtlər fonunda cənub istiqamətində iqtisadi və nəqliyyat bağlantılarını möhkəmləndirməyə çalışır. Tərəflər arasında əməkdaşlıq ideoloji deyil, sırf maraqlar üzərində qurulmuş funksional model xarakteri daşıyır".
Müsahibimiz qeyd edib ki, bu da formatın elastik və situasiyaya uyğun inkişaf etməsinə imkan yaradır:
"Azərbaycan bu üçlükdə balanslaşdırıcı mövqeyini qorumaqla həm iqtisadi dividendlər əldə edir, həm də regional proseslərə təsir imkanlarını genişləndirir. Eyni zamanda, iştirakçı ölkələr arasında maraq toqquşmaları da tam istisna edilmir və bu, əməkdaşlığın həssas tərəflərindən biridir. Regional güc balansında baş verən dəyişikliklər kəskin sıçrayışdan daha çox mərhələli transformasiya xarakteri daşıyır".
Sonda o diqqətə çatdırıb ki, Azərbaycan–İran–Rusiya əməkdaşlığı regionda qarşılıqlı əməkdaşlığa əsaslanan yeni praktik iqtisadi əlaqələrin formalaşmasına xidmət edən mühüm platforma kimi çıxış edir.
Əli Hüseynov
Bakı 



