Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Rusiya tərəfdarı qüvvələrin respublika seçkilərində iştirakına icazə veriləcəyinə ümid etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Putinin sözlərinə görə, Ermənistanda Rusiya tərəfdarı olan bir çox siyasi qüvvə var.
“Biz çox istərdik ki, bütün bu siyasi partiyalar və siyasətçilər seçkilər zamanı bu daxili siyasi işdə iştirak edə bilsinlər”, - deyə Putin bildirib.
“Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putin xüsusən də ölkəsinin böyüklüyünü nəzərə alsaq, Ermənistan Konstitusiya Məhkəməsinin xarici pasport sahiblərinin Ermənistan seçkilərində iştirakına icazə vermədiyini bilsəydi, bunu gündəmə gətirmək istəməzdi”.
Bunu isə Paşinyan Putinlə rusiyalı iş adamı Karapetyanın parlament seçkilərində iştirakı ilə bağlı söhbəti barədə jurnalistlərə deyib.
“O, tam məlumatlandırılmamışdı, mən ona müvafiq məlumatları çatdırdım”, - baş nazir əlavə edib.
Siyasi şərhçi Elçin Alıoğlu Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşü aylar əvvəl hazırlanmışdı.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi görüşün məhz indiki mövcud situasiyada baş tutacağını təxmin edə bilməzdi:
“Çünki İranla başlanan müharibə, üstəlik, Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiyanın marionetkası sayılan, ikinci Ruben Vardanyan qismində Ermənistana göndərilən Samvel Karapetyanın seçkilərə qatılmaq istəyi ilə bağlı Moskvada əmr verilib. Onun kuratoru isə Rusiyanın sabiq baş naziri Sergey Kiriyenkodur”.
Müsahibimiz Paşinyan və Putin görüşündə səslənən fikirlərin yetərincə maraqlı olduğunu deyir:
“Ona görə ki, Ermənistan daxilində Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının dəstək faizi 24.1 faizdir. Karapetyanın yaratdığı “Güclü Ermənistan” blokunun dəstək faizi isə 9.2 faizdir. Bu o qədər də az rəqəm deyil. Amma Karapetyan üçlü blok yaradılmasına göstəriş verib. Yəni o, üçlü blokla seçkilərə qatılmaq niyyətindədir. Paşinyanın da məhz bu cür sərt davranmasının səbəbi Rusiyanın Ermənistan siyasətinə daha kobud və dözülməz şəkildə müdaxiləsidir”.

Elçin Alıoğlu: Paşinyanın addımı Kremlə ciddi bir mesajdır ki, artıq...
Analitik əlavə edib ki, Paşinyanın Putinlə görüşə pencəyinin yaxasında Ermənistan Respublikasının xəritəsi əks olunmuş nişanla getməsi təsadüfi deyildi:
“Bu, Kremlə çox ciddi bir mesajdır ki, artıq Rusiyanın Cənubi Qafqaza təsir mexanizmləri işləmir. Digər məsələ odur ki, Paşinyan çox gözəl bilir ki, KTMT-nin İkinci Qarabağ müharibəsində prosesə qatılması mümkün deyildi. Ancaq buna baxmayaraq, hələ də KTMT-ni Ermənistana yardım etməməkdə suçlayır. Hətta iddia edir ki, məhz Kremlin Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Ermənistan “Qarabağı itirdi””.
Həmsöhbətimizə görə, Paşinyan bunu Qərbin, Avropa İttifaqının təlimatı ilə həyata keçirir. Onun sözlərinə görə, Aİ İrəvandan tələb edir ki, Moskva ilə əlaqələri daha tez zamanda minimallaşdırsın. Bunun müqabilində Avropa İttifaqı və ABŞ Paşinyana seçkilərdə qələbə vəd edir.
Aydın Baxış
Bakı 




