Rusiya-Ukrayna müharibəsi ətrafında gedən diplomatik proseslər son günlər tamamilə fərqli bir müstəviyə keçib.
“Bloomberg” tərəfindən sızdırılan telefon danışıqları, xüsusilə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, Putinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev arasında aparılan söhbətlər sülh prosesinin arxa pərdə detallarını və Vaşinqtondakı daxili siyasi qarşıdurmanın dərinliyini üzə çıxardı.
Sızdırılan danışıqlar onu göstərir ki, Uitkoff administrasiyada qeyri-formal şəkildə Rusiya ilə yaxın təmaslar saxlayır və bu təmasların tonu diplomatikanın klassik çərçivələrindən kənara çıxır. Onun Uşakova verdiyi “məsləhətlər” ABŞ rəsmisinin neytral vasitəçi deyil, sanki prosesin müəyyən hissəsində Kremlin maraqlarını nəzərə alan vasitəçi kimi fəaliyyət göstərdiyini göstərir. Xüsusilə Putinə Trampı “Qəzza sülhünə görə təbrik etmək, tərifləmək, sülh adamı adlandırmaq” kimi tövsiyələr faktiki olaraq ABŞ prezidentinin psixoloji yanaşmasına təsir etməyi hədəfləyən manipulyativ taktika kimi görünür.
Bu, həm də Vaşinqtonun öz daxilində güc mərkəzlərinin ziddiyyətli olduğunu göstərir. Uitkoffun Trampı manipulyasiyaya açıq bir fiqur kimi təqdim etməsi Rusiya üçün ciddi bir fürsət pəncərəsinin yarandığı təəssüratını formalaşdırır. Danışıqların nəticəsində Putin-Tramp telefon görüşünün baş tutması və Trampın sonrakı bəyanatlarında “Putin yaxın vaxtda Budapeştdə görüşməyə hazırdır” mesajı verməsi də təsadüfi deyil.
Strateji cəhətdən daha kritik məqam isə oktyabrın 29-da Uşakov-Dmitriyev dialoqudur. Bu söhbətdə Dmitriyev Moskvanın hazırladığı sənədin – faktiki olaraq Rusiyanın mövqelərini özündə əks etdirən sülh konsepsiyasının təkmilləşdirilmiş formada ABŞ tərəfinə ötürüləcəyini deyir. Onun “Amerikalılar tam bizim variantı qəbul etməyəcək, amma maksimal dərəcədə yaxın bir sənəd hazırlanacaq” fikri Əbu-Dabi və Mayami xəttində aparılan təmasların məhz 28 maddəlik sülh planı ilə nəticələndiyini göstərir.
Bu planın ortaya çıxmasından sonra ABŞ-nin daxilində reaksiyalar da bölünüb. Dövlət katibi Rubionun bu sənədi “Rusiya təklifləri” kimi qiymətləndirməsi və daha sonra Cenevrədə Ukrayna nümayəndələri ilə apardığı danışıqlarda bəzi maddələri dəyişdirməsi sülh prosesinin tamamilə ABŞ daxilində yenidən qurulduğunu ortaya qoydu. Nəticədə sənəd 28-dən 19 maddəyə endirildi və Kiyevin maraqlarına daha uyğun bir model formalaşdı.
Bu sızmaların əsas hədəfi kimdir? Sualın cavabı hələ də müəmmalıdır. ABŞ kəşfiyyatının daxili siyasi balansı qorumaq üçün prosesə müdaxilə etməsi ehtimal daxilindədir. Vaşinqtonun müttəfiqi olan Britaniya kəşfiyyatının uzun illərdir Kremlin qarşısında sərt xətt tutması da ehtimalı gücləndirir. Hətta bəzi ekspertlər Rusiyanın son variantdan narazı qaldığı üçün danışıqları pozmaq məqsədilə bu məlumatları sızdırma ehtimalını da istisna etmir, baxmayaraq ki, bu, daha zəif versiya hesab olunur.
Şəxsi planda ən böyük itki Stiv Uitkoffun nüfuzuna dəyir. Onun danışıqlarda Kremlin arqumentlərini dəstəkləyən şəkildə danışması, Putinə açıq simpatiya ifadə etməsi artıq Konqres üzvlərinin sərt reaksiyasına səbəb olub. Bir neçə respublikaçı onun vəzifədən uzaqlaşdırılmasını tələb edib. Trampın isə “danışıqlar belə aparılır, Uitkoff Ukraynanı satmalı idi ki, nəticə alınsın” deməsi sözügedən qalmaqalı daha da dərinləşdirir.
Bütün bu proseslər bir daha göstərir ki, sülh danışıqları yalnız Kiyev və Moskva arasında gedən bir proses deyil. Bu, ABŞ daxili siyasi savaşının bir parçasıdır, həm də qlobal güclərin öz aralarındakı nəhəng geosiyasi rəqabətin təzahürüdür. Sızdırılan danışıqlar göstərir ki, kimin danışıqları idarə etdiyi, gələcək planların necə formallaşacağı və sülh prosesinin hansı istiqamətə gedəcəyi hələ tam aydın deyil.
Bir məsələ isə açıqdır: yayılan materiallar sülh prosesini daha mürəkkəb və daha riskli mərhələyə keçirir. Hər kəsin öz oyununu apardığı bir şəraitdə, danışıqların “kimin xeyrinə” nəticələnəcəyini proqnozlaşdırmaq getdikcə çətinləşir.
Alim Nəsirov
Bakı 



