• Bakı 11° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

ABŞ-nin tələsik sülh strategiyası: Tramp-Putin-Zelenski danışıqlarının pərdəarxası

DÜNYA

27 Noyabr 2025 | 16:13

ABŞ-nin tələsik sülh strategiyası: Tramp-Putin-Zelenski danışıqlarının pərdəarxası

ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna liderləri ilə görüşməyə hazır olduğunu bildirməsi onun təqdim etdiyi 28 maddəlik sülh planının ətrafında gedən diplomatik gərginliyin yeni mərhələsidir.

Bu planın ilkin variantında Rusiyanın ilhaq etdiyi ərazilərin de-fakto Moskvaya məxsus kimi tanınması, həmin bölgələrə NATO qüvvələrinin buraxılmaması və yalnız nominal şəkildə Ukraynanın suverenliyinin təsdiqlənməsi vardı. Lakin belə “suverenlik” anlayışı əslində çox mübahisəlidir. çünki ərazi bütövlüyü tanınmayan bir ölkənin suverenliyindən danışmaq praktik olaraq mümkün deyil.

Planın ən kritik məqamlarından biri isə ABŞ qüvvələrinin həmin ərazilərdə yerləşdirilməsi idi. Bu, həm Rusiyanın tam məğlub olmadığını göstərirdi, həm də Vaşinqtonun strateji nəzarəti öz üzərinə götürməsi demək idi. Yəni Moskva müəyyən rıçaqları əlində saxlayırdı, lakin Ukrayna daha böyük geosiyasi qazanc əldə edirdi - ABŞ-nin təhlükəsizlik zəmanətləri, Qərblə daha sıx inteqrasiya və iqtisadi-siyasi dəstək.

Bundan sonra Cenevrədə aparılan danışıqlar nəticəsində planın bəzi maddələri Ukraynanın xeyrinə dəyişdirildi və maddələrin sayı 28-dən 19-a endi. Yəni Vaşinqton, Kiyevin dirənişi və Avropa paytaxtlarından gələn təzyiqlər fonunda daha yumşaq və Ukrayna üçün qəbulolunan bir sənəd hazırlamağa məcbur oldu. Bu isə onu göstərir ki, Tramp administrasiyası həmin planı dəyişməz ultimatum kimi deyil, elastik diplomatik çərçivə kimi təqdim edir.

Hazırda Zelenski “Vaşinqtona gedib planı bir daha müzakirə edə bilərik” deyirsə, Trampın cavabı tam fərqlidir: “Müzakirə yalnız o halda olacaq ki, biz sülh sazişi imzalama mərhələsinə çıxmış olaq”. Bu isə açıq şəkildə göstərir ki, ABŞ artıq müzakirələrin uzadılmasını deyil, nəticənin tezliklə əldə edilməsini istəyir.

Amerikanın bu tələsikliyi təsadüfi deyil. Bunun bir neçə geosiyasi və iqtisadi səbəbi var:

Birincisi: ABŞ və Ukrayna arasında mineral resurslarla bağlı əldə olunan razılaşmalar yalnız müharibə bitdikdən sonra real şəkildə icra oluna bilər. Donbas və digər sənaye zonaları Vaşinqton üçün strateji iqtisadi əhəmiyyət daşıyır.

İkincisi: Müharibənin bitməsi ABŞ-nin Çinlə qlobal rəqabətdə güc balansını yenidən qurmasına imkan verir. Vaşinqton üçün əsas strateji meydan artıq Avropa deyil, Hind-Sakit okean məkanıdır. Müharibə davam etdikcə ABŞ-nin həm resursları, həm diplomatik diqqəti bölünür. Buna görə də prosesin bağlanması ABŞ üçün strateji zərurətdir.

Üçüncüsü: Müharibənin bitməsi ABŞ-ın Orta Şərq və Uzaq Şərqə daha çox fokuslanmasına şərait yaradır. Vaşinqton üçün İranın nüvə proqramı, Qəzza böhranı və Çinlə qarşıdurma Ukrayna cəbhəsindən daha kritik gündəm mövzularıdır.

Bu kontekstdə Tramp-Putin-Zelenski görüşündən dərhal nəticə gözləmək real deyil, lakin Vaşinqtonun artan təzyiqi prosesin məcburi şəkildə yekunlaşmasına gətirib çıxara bilər. ABŞ üçün məqsəd müharibənin dayanması və Amerikanın yeni geosiyasi xəttinə keçməsi üçün şərait yaratmaqdır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR