"Rusiya Cənubi Qafqazda, Mərkəzi Asiyada aktivliyini artırmağa çalışır. Rusiya-Ukrayna müharibəsi hər hansı formada bitərsə, həmin resurslardan Qafqazda istifadə etmək üçün geniş imkanlar yaranacaq".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Ekspert bildirib ki, söhbət ordudan getmir və Rusiya hərbi, kəşfiyyat, maliyyə bütün əlavə resurslarını Cənubi Qafqaza transfer edəcək:
"İndiyədək Rusiya Ermənistanı nə ilə təhdid edəcəkdi? Gümrüdəki 2-3 min rus əgəri iləmi? Müharibə qurtararsa, Rusiyanın əlində cəbhədən çıxmış 1.5 milyon silahlı hazır birləşmələr var. Heç Rusiya hələ özü də bilmir ki, həmin silahlı qruplaşmalarla bağlı hansı qərarı verəcək? Düzdür, Rusiyaya müəyyən şərtlər qoyulur ki, qonşu regionlara təhdidlər yaratmayacaq. Amma tarix boyu Rusiyanın hansısa kağız parçasına hörmət etdiyini görməmişik. Bir ifadədə deyildiyi kimi "Rusiya ilə müqavilədə ən qiymətli şey sazişin yazıldığı kağızdır". Hazırda Rusiyanın diqqətəni Cənubi Qafqaza daha çox ayırdığını, xüsusən Ermənistanda Paşinyan hökumətini əvəzləmək niyyətində olduğunu görürük".
Analitik əlavə edib ki, Ermənistanda Nikol Paşinyanla kilsə arasında mübarizənin kəskinləşəcəyi əvvəldən bəlli idi. Onun sözlərinə görə, hazırda mübarizə açıq düşmənçilik həddindədir:
“Kilsə rəhbəri Paşinyanı "bidətçi", "kafir" sayır. Paşinyan da buna qarşılıq olaraq II Qareginin dindən kənar şəxs olduğunu deyir, onu ağır formada təhqir edərək oturduğu taxtı murdarladığını söyləyir. Kilsə ilə Paşinyanın barışığı artıq mümkün deyil”.

Turab Rzayev: Nikol Paşinyanla kilsə arasında mübarizənin kəskinləşəcəyi əvvəldən bəlli idi
Müsahibimiz qeyd edib ki, ancaq kilsəyə Ermənistanda rəğbət hələlik çox böyükdür. Dediyinə görə, adətən, əhalinin 95 faizi kilsəyə öz dəstəyini ifadə edib. Paşinyan isə baş nazir kimi seçicilərin 40 faiz etimadını ancaq toplaya bilər. Politoloq hesab edir ki, ona görə də kilsə öz gücündən, nüfuzundan istifadə edərək sonadək Paşinyana qarşı mübarizəni davam etdirəcək. Amma Paşinyan da artıq geri çəkilə bilməz:
“Paşinyan kilsənin Rusiya və revanşistlərlə birlikdə ona qarşı ciddi cəbhə formalaşdırdığının fərqindədir. Baş nazir də çalışır ki, kilsədə özünə yaxın yepiskoplardan alternativ güc yaratsın, kilsəni daxildən parçalasın. Paşinyan II Qareginlə deyil, başqa yepiskoplarla dini ayinlərə qatılır".
Aydın Baxış
Bakı 



