Azərbaycan paytaxtı Türk Dünyası ilə bağlı daha bir tədbirə ev sahibliyi edəcək. Söhbət dekbarın 9-da Bakıda təşkil ediləcək “Turan Masters” adlı genişmiqyaslı tədbirdən gedir.
Tədbirin Türkiyə tərəfdən təşkilatçılarından olan Adnan Selçuk Bayfidan Bakıvaxtı.az-a bildirib ki, “E-sportun birləşdirici gücü ilə Türk dünyası bir ürək!” şüarı ilə keçiriləcək tədbirlə türk dünyası ilə bağlı daha bir mühüm addım atılmış olacaq:
“Elektron idman sadəcə bir oyun deyil; həm də mədəniyyətlər arasında körpü və gəncləri ümumi ehtiras ətrafında birləşdirən dinamik platformadır”.
Müsahibimiz deyib ki, bu ruhla Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistandan olan ən istedadlı gənc oyunçuları bir araya gətirən maraqlı tədbir təşkil olunacaq.
Rəqabətdən başqa, tədbirin əsas məqsədi türk dünyası gəncləri arasında mədəni mübadiləni, dostluq və qardaşlığı gücləndirməkdir. A.Selcuk deyib ki, elektron idmanın qlobal dili vasitəsilə gənclər ümumi dil tapacaq, bir-birlərinin mədəniyyətlərini öyrənəcək və gələcək üçün ortaq əlaqələr quracaqlar:
“Turan Masters region gənclərinin rəqəmsal istedadlarını nümayiş etdirməsinə şərait yaratmaqla, Türk dünyasında e-idman sektorunun və texnologiyaya əsaslanan karyeranın inkişafına mühüm töhfə verəcək”.
Həmsöhbətimiz onu da bildirib ki, bu tədbir esporun potensialından istifadə etməklə ortaq mədəni irsimiz və birliyimizi qeyd etmək üçün mühüm mərhələdir.
Adnan Selçuk Bayfidan onu da bildirib ki, tədbirin Türkiyə tərəfində planlama və dəstəkçiləri EC – Eurasia Business Consulting şirkətinin təsisçi ortaqları A. Selçuk Bayfidan və Furkan Akardır. Azərbaycan tərəfindən “Azerbaijan E-sport Management”in qurucusu Anar Əhmədovdur .
Tədbirin açılış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan rəsmi şəxslərin iştirakı da gözlənilir.
Murad Məmmədli
Bakı 





