Dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç prosesi həyata keçirilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu mərhələdə kəndə 10 ailə olmaqla, ümumilikdə, 44 nəfər köçürülüb.
Kəndə çatan sakinlər qarşılandıqdan sonra onlara Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları tərəfindən yeni bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar vurğulayıblar ki, bu gün Qarabağda başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, Vəngli kəndində bərpa və yenidənqurma işləri mərhələli şəkildə aparılır, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılıb. Köç prosesinin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.
***12:10
Ağdərə rayonunun Vəngli kəndinə 44 nəfərdən ibarət daha 10 ailə yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, Vəngli kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatacaq.
















