Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialına beynəlxalq ISO sertifikatları təqdim olunub.
Agentliyin Kommunikasiya departamentindən Bakıvaxtı.az-a verilən məlumata görə, filialda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tələblərinə uyğun olaraq idarəetmə sisteminin sertifikatlaşdırılmasına dair audit həyata keçirilib. Audit çərçivəsində filialın fəaliyyəti ISO 10015:2019 “Keyfiyyətin idarəedilməsi, səriştələrin idarəolunması və personalın inkişafı üzrə təlimatlar”, ISO 10667-1:2020 “İş mühitində qiymətləndirmə prosedurları və metodları (qiymətləndirmə xidmətlərinin göstərilməsi)” və ISO 29993:2017 “Formal təhsildən kənar tədris xidmətləri üzrə xidmət tələbləri” beynəlxalq standartları üzrə qiymətləndirilib.
Sertifikatlar Mərkəzi Karyera filialında göstərilən xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və beynəlxalq tələblərə uyğunluğunun təsdiqi olmaqla yanaşı, karyera xidmətlərinin davamlı inkişafına və idarəetmənin gücləndirilməsinə xidmət edir.
Sertifikatların təqdim edilməsi tədbirində agentliyin İdarə Heyəti sədrinin müavini Nihad Muxtarlı vurğulayıb ki, Mərkəzi Karyera filialının beynəlxalq ISO standartları üzrə sertifikatlaşdırılması agentlikdə idarəetmə mexanizmlərinin müasir tələblər əsasında qurulmasına, karyera və qiymətləndirmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Qeyd edək ki, sertifikasiya işləri çərçivəsində İsveçrənin nüfuzlu sertifikatlaşdırma qurumları olan “Swiss Approval” və “Baltum Bureau” tərəfindən məsləhət və audit xidmətləri göstərilib.
Bakı 







