Növbəti köç karvanları Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə köç edən sakinlər evlərinin müasir tələblər səviyyəsində yenidən qurulması, hər cür şəraitlə təmin olunması barədə məlumatlandırılıb.
ANAMA əməkdaşları sözügedən kəndlərə qayıdan sakinləri mina təhlükəsizliyi qaydaları haqqında təlimatlandıraraq onlara müvafiq bukletlər təqdim ediblər.
Qeyd edək ki, bu köçlə Xocalı rayonunda məskunlaşdırılan ailələrin sayı 906-a (3 min 700 nəfər) çatıb.
***
13:51
Badara və Seyidbəyli kəndlərinə yola salınan 25 ailədən ibarət növbəti köç Xocalı şəhərinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılama mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Badara kəndinə 15 (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailənin (34 nəfər) daimi qayıdışı təmin olunub.
***
12:30
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bakı 










