Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın LUKOIL və “Rosneft” kimi böyük Rusiya neft şirkətlərinə sanksiya tətbiq etməsi onun üçün gözlənilməz olub.
Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı qeyd edib ki, Vaşinqtonun qərarı spontan təsir bağışlayır, çünki Alyaskadakı danışıqlardan sonra Moskva ilə ABŞ arasında hər hansı gərginlik müşahidə olunmamışdı. Putin bu barədə Qırğızıstana səfəri zamanı jurnalistlərlə söhbətində danışıb.
Putinin sözlərinə görə, Alyaskadakı görüşdə tərəflər arasında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı müəyyən anlaşma formalaşmışdı:
“Danışıqlar zamanı elə təsəvvür yarandı ki, ABŞ-la qarşılıqlı anlayış əldə etmişik. Ankoricdəki görüşdən sonra birdən-birə ABŞ sanksiyaları elan edir. Mən hətta başa düşmədim — nə baş verir?”, — deyə o bildirib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi oktyabrda LUKOIL, “Rosneft” və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi. Qadağalar şirkətlərin ABŞ-dakı bütün aktivlərinin dondurulmasını və amerikalı qurumlara onlarla əməkdaşlığın qadağan edilməsini nəzərdə tutur. Bundan sonra LUKOIL xarici aktivlərinin satışı üçün alıcı axtarışına başladığını açıqlayıb.
Rusiya Bankının icmalında isə qeyd olunub ki, noyabr ayı ərzində Rusiya neftinin Urals markası Brentlə müqayisədə 23% ucuzlaşıb.
Bakı 



