İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, həmkarlar nüvə proqramı, IAEA ilə əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Görüşdə həmçinin ikitərəfli əlaqələrin inkişafı və Fransada saxlanılmış İranlı vətəndaşların vəziyyəti də gündəmə gətirilib. Tərəflər diplomatik kanalların gücləndirilməsinin vacibliyini vurğulayıblar.
İranın Paris görüşündə göstərdiyi konstruktiv ton Tehranın Qərblə münasibətləri yenidən formatlamağa yönəlmiş strateji dönüşünün siqnalıdır, yoxsa bu, regiondakı gərginliklər fonunda taktiki xarici siyasət manevridir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İran tərəfinin Paris görüşündə sərgilədiyi mövqe pozitiv sayıla bilər. Amma bu, İranın siyasətində kardinal dəyişiklik edildiyi anlamına gəlmir.
"Çünki hazırda İran daxilində bu məsələlərlə bağlı vahid mövqe formalaşmayıb. Hərçənd ölkə prezidenti və onun komandası Qərblə yaxınlaşmanın tərəfdarı olduqlarını bildirsələr də, mühafizəkar kəsim, xüsusilə də dini liderin ətrafı buna maraq göstərmir və sərt mövqe nümayiş etdirir. Bu yumşalma tendensiyası əslində İranın hazırda qarşılaşdığı reallıqlarla da bağlıdır".
.jpg)
Oqtay Qasımov: İranda siyasi qüvvələr arasındakı kəskin fikir ayrılıqları var
Politoloqun sözlərinə görə, İran indi kifayət qədər ciddi problemlərin içərisindədir. Xüsusilə 12 günlük müharibə və onun nəticələri İranda siyasətə yenidən baxılmasını diktə edir. Bundan başqa, ölkənin sosial-iqtisadi vəziyyəti kifayət qədər gərgindir. Ekoloji problemlər də bu vəziyyəti daha da ağırlaşdırır:
"Buna görə də İranda Qərblə münasibətlərin normallaşması üçün yaranmış şansdan istifadə etməyə dair çağırışlar artmaqdadır. Üstəlik, İranda anlayırlar ki, onların strateji müttəfiq hesab etdikləri ölkələr çox zaman öz maraqlarını üstün tutur və bəzən İranın maraqlarını nəzərə almadan Qərblə, o cümlədən ABŞ ilə danışıqlar aparırlar".
Müsahibimiz qeyd edir ki, bu baxımdan İranda yaranmış imkanlardan istifadə edərək münasibətləri normallaşdırmaq istəyən qüvvələr mövcuddur. Lakin onların bu hədəfə çatıb-çatmayacağı hələ ki, qeyri-müəyyəndir.
"Çünki ölkə daxilindəki münasibətlər sistemi, idarəetmə strukturu və siyasi qüvvələr arasındakı kəskin fikir ayrılıqları vahid siyasətin formalaşmasını ciddi şəkildə çətinləşdirir".
Zeynəb Rzayeva
Bakı 



