“Rəqəmsal detoks yuxu keyfiyyətini artıra bilər, amma telefonu tamamilə həyatımızdan çıxarmaq yox, yatmazdan əvvəl onu kənara qoymaq, gecə bildirişləri söndürmək və yataqda sosial şəbəkələrdən istifadə etməmək lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayımda deyib.
Həkim bildirib ki, yatmazdan əvvəl sosial şəbəkələrdən istifadə beynin aktiv qalmasına və yuxuya getmənin gecikməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, insan yataqda olarkən beyni hələ də aktiv şəkildə informasiya qəbul edir. Mesajlar, xəbərlər, videolar və sosial şəbəkələrdə baş verənlər insanı emosional olaraq da aktiv saxlaya bilər.:
""Bir videoya baxım, sonra yatım" deyirik, ardınca daha bir videoya baxırıq və görürük ki, artıq gecə saat 1-dir, 2-dir, hətta səhər açılır, amma hələ yatmamışıq. Ona görə yatmazdan əvvəl müəyyən müddət telefonu kənara qoymağı tövsiyə edərdim. Xüsusilə yuxu problemi olan insanlarda buna daha çox diqqət etmək vacibdir”.
Leyla Bəşirova qeyd edib ki, böyük dəyişikliklər əvəzinə kiçik vərdişlər daha faydalıdır:
“Bəzən çox böyük dəyişiklik etməyə ehtiyac yoxdur, kiçik, amma davamlı vərdişlər daha yaxşı nəticə verir. Sosial mediadan istifadə özü-özlüyündə mənfi deyil. Əgər insanlar maarifləndirici məlumatlardan faydalanırsa, bu, onların xeyrinədir".
Həkim vurğulayıb ki, lakin istifadə vərdişə çevrilirsə və insanın həyatına, xüsusən də yuxusuna mənfi təsir göstərirsə, artıq problem bundan sonra başlayır.
Zeynəb Rzayeva
Bakı 



