İsraillə İran arasında münasibət yenidən gərginləşib. İsrailin hücumlarına cavab olaraq İranın İsrailə PUA hücumu isə qarşıdurmanın daha da gərginləşdiyini göstərir.
İran-İsrail qarşıdurması fonunda Cənubi Qafqazı hansı təhlükələr gözləyə bilər? Ümumiyyətlə, İran-İsrail qarşıdurması hansı səviyyəyə qədər davam edə bilər?
Politoloq Xəqani Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, İranın ətrafında baş verən istənilən hadisə Cənubi Qafqaza təsir edir. Ona görə də İranla İsrail arasında gərginlik Cənubi Qafqaza təsirsiz ötüşə bilməz:
"İsrailin İrana qarşı 12 günlük hərbi müdaxiləsi başa çatmayıb. Bu hərbi müdaxilə məqsədinə çatmadan yarımçıq dayandırılıb. O baxımdan ilk imkanda yenidən başlayacaq. Çox güman ki, bu hadisə gələn ilin birinci yarısında baş verəcək. Üstəlik, yeni gərginlik 12 günlük müharibədən fərqli olaraq, İranın daxilində hansısa hərəkətləri də əhatə edəcək. Buna görə heç kim İsraillə İran arasında qarşıdurmanın başa çatdığını düşünməməlidir".

Xəqani Cəfərli: Yeni gərginlik İranın daxilində hansısa hərəkətləri də əhatə edəcək
Müsahibimiz hesab edir ki, bu qarşıdurmanın başa çatması yalnız İranda rejim dəyişikliyi halında mümkündür. Rejim dəyişikliyi isə yaxın zamanlarda mümkün görünmür.
"Ümumiyyətlə, İran rejim əleyhdarlarını gülləbaran etdiyi müddətdə daxili resurslar hesabına rejim dəyişikliyi dəyişmək mümkün deyil. Belə rejimlərin devrilməsi üçün kənar müdaxiləyə ehtiyac var. Bu mənada İran üçün qarşıdakı bir il həlledici olacaq", - deyə Xəqani Cəfərli əlavə edib.
Gülşən Şərif
Bakı 



