Hər fəsil dəyişkənliyi zamanı bəzi xəstəliklər aktivləşir. Özünü yazqabağı göstərən xəstəliklər də az deyil.
Buna səbəb nədi? Belə hallarda nə etməliyik?
Mövzu ilə bğlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, fəsil dəyişkənliyi zamanı bir çox xəstəliklər aktivləşir. Artıq qış fəslini geridə qoyub yaz fəslinə keçid etdiyimizə görə bir çox xəstəliklərin aktivləşdiyini müşahidə edə bilirik. Əslində, bunun da özünə görə səbəbləri mövcuddur:
"Geyim natarazlığı xəstəliklərin başlıca səbəblərindən biridir. "Martın əvvəlidi, niyə qalın geyinməliyəm?" deyə düşünən insanlar az deyil. Havaya aldanıb nazik, yaxud qalın geyinirik və bədən temperaturu dəyişir, bu da xəstələnməyə yol açır”.
Həkim qeyd edib ki, bəzi allergik reaksiyaları olan insanlar da bu aylarda daha diqqətli olmalıdır. Çünki orqanizmdə müxtəlif çiçəklərin, bitkilərin qoxularına, havada uçan bitki hissəciklərinə qarşı reaksiyalar ola bilər:
“Həmin əlaməti olanlar tozlanma dövründə açıq havaya çıxmamağa çalışmalı, allergiya verən komponentlərlə təmasdan mümkün qədər uzaq durmağa çalışmalıdırlar. Onlar küçədən evə gələn kimi dərhal üst geyimlərini dəyişməli, duş qəbul etməlidir. Allergiya xəstələrinin yaşadığı mənzildə gündə 2-3 dəfə yaş dəsmalla təmizlik işləri aparılmalıdır. Otaqda temperatur 2°-dən yüksək olmamalıdır. Dibçək bitkilərinin ev şəraitində saxlanılmasından qaçmaq lazımdır".
Günay Lətifova: Profilaktik olaraq özümüzü qorusaq, xəstəliklərdən nisbətən uzaq olarıq
Terapevtin dediyinə görə, yazqabağı virusların aktivləşməsi qaçılmazdır. Ona görə də, kütləvi yerlərdə daha çox ehtiyatlı olmalıyıq:
"İctimai nəqliyyat vasitələrindən istifadə etdiyimiz zaman xəstəliyi olan, asqıran, öskürən birini görsək, dərhal maskadan istifadə etməliyik. Profilaktik olaraq özümüzü qorusaq, xəstəliklərdən nisbətən daha uzaq olarıq".
G.Lətifova vurğulayıb ki, əgər özümüzdə hər hansı bir narahatlığı hiss etsək, dərhal ailə həkiminə, yaxud terapevtə müraciət etməli, xəstəliyə uyğun müalicə almalıyıq ki, xəstəliyi yayıb başqa insanlara da yoluxdurmayaq. Hər bir şəxs öz xəstəliyini bildiyinə görə, həkimi ilə məsləhətləşib müəyyən profilaktik və predentiv tədbirlər görməlidir. Mədə xorası olan xəstələr vaxtında müalicə alıb, dərmanlarını mütəmadi və vaxtı-vaxtında atmalıdır. Nevroloji xəstələr həkim məsləhəti əsasında müəyyən tədbirlər görrməlidir. Bütün bu profilaktik tədbirlər mövsümi adlandırdığımız xəstəlikləri xeyli azalda bilər.
Nuriyyə Musayeva