Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan ardıcıl sosial islahatların mühüm nailiyyətlərindən biri olaraq pensiyalarda ildən-ilə artım dinamikası mövcuddur. Dövlət başçısının yeni Sərəncamı bu artımın davam etməsinə imkan verib və 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bütün növ pensiyalar bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, yeni artımla ölkəmizdə orta aylıq pensiya 543 manatdan 593 manata, yaşa görə orta aylıq pensiya 578 manatdan 632 manata çatıb ki, bu göstəricilər 2018-ci ilə nisbətən müvafiq olaraq 2,8 dəfə və 2,7 dəfə çoxdur.
Qeyd edilən artımlarda minimum pensiya artımı ilə yanaşı, hər ilin əvvəlindən indeksləşdirmə əsasında artımların edilməsi mühüm rola malikdir. Məsələn, bu artımlar 2020-ci ildə 16,6 faiz, 2021-ci ildə 11,4 faiz, 2022-ci ildə 3,4 faiz (pensiyalara maddi yardım əlavə olunmaqla orta pensiya artımı 9 faiz olub), 2023-cü ildə 14,7 faiz, 2024-cü ildə 11,2 faiz, 2025-ci ildə 8,1 faiz və bu il 9,3 faiz təşkil edib.
Pensiyalarda indeksasiya əsasında artımlar üçün əlavə olaraq hər il ayrılan vəsaitlər isə 2020-ci ildə 498,2 milyon manat, 2021-ci ildə 352,84 milyon manat, 2022-ci ildə 117,02 milyon manat, 2023-cü ildə 693,78 milyon manat, 2024-cü ildə 618,09 milyon manat, 2025-ci ildə 506,49 milyon manat və bu il 640 milyon manatdır.
Ümumilikdə isə pensiya təminatı üçün ayrılan illik vəsait 2018-ci illə müqayisədə 2,3 dəfə artaraq bu il 7 mlrd. 993 mln. manata çatıb.
Digər tərəfdən, işləyən əhalinin gələcək pensiya təminatı üçün dövlət tərəfindən mühüm dəstək olaraq hər il dövlətimizin başçısının Sərəncamı ilə fərdi hesablardakı pensiya kapitalları da artırılır. Məsələn, bu artımlar 2020-ci ildə 2,6 faiz, 2021-ci ildə 2,8 faiz, 2022-ci ildə 6,7 faiz, 2023-cü ildə 13,9 faiz, 2024-cü ildə 8,8 faiz, 2025-ci ildə 2,2 faiz və bu il 5,6 faiz təşkil edir.
Pensiyalarda olduğu kimi, pensiya kapitallarında artım da elektron sistem üzərindən avtomatik həyata keçirilir. Hər bir kəs e-sosial portalında həm öz əməkhaqlarından ayırmalar, həm də hər il indeksasiya hesabına pensiya kapitallarında baş verən artımları izləmək imkanına malikdir.
Bu artımlar qeyri-formal məşğulluq sahəsində işləyən, özünü sosial sığorta sistemindən kənarda qoyan işçilərə də bir çağırışdır: Əgər əmək müqaviləsi ilə çalışsalar, onlar da gələcək pensiya hüququna sahib olmaq üçün fərdi şəxsi hesablara sahib olar və bu hesablarda toplanan vəsaitlərinin hər il dövlət tərəfindən də indeksləşdirilərək artırılması imkanından faydalanarlar.
Bakı 




