• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - VİDEO

CƏMİYYƏT

09 Yanvar 2026 | 14:50

Yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlayıb.

Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, məqsəd "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsidir.

Layihə çərçivəsində "Çinarlı" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər "Bakı Metropoliteni" QSC-nin xidməti ərazisinin altından keçməklə layihələndirilib.

Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr, hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metr təşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşa ediləcək. Burda hər bir istiqamət üzrə xidməti baxış və piyadalar üçün piyada səkilərinin inşası da nəzərdə tutulub.

Piyadaların hərəkəti üçün nəzərdə tutulan tunelin uzunluğu 201.9 metr təşkil edəcək. Tunel hərəkət hissəsinin eni 6 metr, daxili hündürlüyü 2.7 metr olmaqla inşa ediləcək.

Yeni tunellərin inşası ərazidə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyinin artırılmasına və mövcud tıxacların aradan qaldırılmasına xidmət edəcək. Avtomobil tuneli nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətini təmin etməklə yanaşı, piyada tuneli sakinlərin qarşı tərəfə təhlükəsiz keçidini mümkün edəcək. Bu isə xüsusilə ətrafda yaşayan əhalinin gündəlik hərəkət rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.

Layihənin icrası zamanı müasir yol-nəqliyyat standartlarına uyğun texniki həllərin tətbiqi, eləcə də ətraf mühitə təsirin minimuma endirilməsi nəzərdə tutulur.

Tunellərin istifadəyə verilməsi nəticəsində Abay Kunanbayev küçəsi və ona bitişik ərazilərdə nəqliyyat axınının optimallaşdırılması, şəhər infrastrukturunun funksionallığının yüksəldilməsi və paytaxtın ümumi nəqliyyat şəbəkəsinin daha səmərəli təşkili təmin olunacaq.

Qeyd olunan küçələr arasındakı mövcud piyadalar üçün yeraltı keçid ərazidə avtomobillərin və piyadaların hərəkəti üçün yeni yeraltı tunellər layihələndirildiyindən bağlanıb.


SON XƏBƏRLƏR

09 Yanvar 2026