Afrika hazırda böyük şəhər transformasiyası dövrünü yaşayır və mənzil çatışmazlığı 50 milyondan çox mənzili əhatə edir, maliyyə ehtiyacları isə 1,4 trilyon dollar səviyyəsində qiymətləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Afrikada əlçatan mənzil sazişi” adlı sessiyada Mərakeş Krallığının Milli Ərazi, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin Baş katibi Yusif Həsəni səsləndirib.
Çıxışda qeyd olunub ki, Mərakeşdə sürətli urbanizasiya fonunda mənzil siyasəti dövlət səviyyəsində strateji prioritetə çevrilib və bu sahədə kompleks islahatlar həyata keçirilib.
Onun sözlərinə görə, dövlət torpaqlarının səfərbər edilməsi, planlaşdırmanın 90 faizə çatdırılması və minlərlə hektar torpağın mənzil tikintisi üçün ayrılması əsas addımlar kimi göstərilib:
“Sosial mənzil və qeyri-formal yaşayış məntəqələrinin aradan qaldırılması üçün xüsusi maliyyə mexanizmləri və zəmanət fondları yaradılıb”.
Onun sözlərinə görə, özəl sektorun iştirakı ilə yüz minlərlə mənzil tikilib və bu model mənzil istehsalında əsas yükün özəl sektora ötürülməsini təmin edib.
Həmçinin qeyd olunub ki, yeni mərhələdə birbaşa vətəndaşa yönəlmiş mənzil yardımı sistemi tətbiq edilir və bu yanaşma xüsusilə gənclər və qadınların mənzilə çıxışını genişləndirib:
“Mərakeş Afrika üzrə ortaq mənzil platformasının yaradılmasını dəstəkləyir və şəhər inkişafında inklüzivlik və regional əməkdaşlığın gücləndirilməsini vacib hesab edir”.
Zeynəb Rzayeva
Bakı 




