Tanınmış jurnalist İlham Tumas Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf Orucovla bağlı xatirəsini bölüşüb.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə edilən paylaşım izləyicilər arasında maraq doğurub.
"1996-cı il. Gəncəyə təyin olunmuşam. Evə gedirəm. Təsadüfən Raquf Orucova rast gəldim. Dağdan düşmüşdüm, əlimdə piroşki, Gəncə şəhərində gəzirdim. Raquf bunu gördü, dəli oldu. Dedi, sən zabitsən, bu nədi? Zabit küçədə əlində yemək yeməz! O gün bu bu gündü, heç vaxt ayaq üstdə, küçədə yemək yemirəm... Əziz qardaşım, Raquf Orucov, salamatsan!" - İlham Tumas qeyd edib.
Xatırladaq ki, Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. 1992-1996-cı illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsil alıb. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa almış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi.
2005-ci ildə Hərbi Akademiyanı bitirib. Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib.
2016-cı ilin aprel ayının 4-də Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində polkovnik–leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb və qəhrəmancasına şəhid olub.
Əli Hüseynov
Bakı 




